Fransa NATO-dan çıxa bilər
Beynəlxalq münasibətlərin geosiyasi xəritəsi artıq köhnə qəliblərə sığmır; ənənəvi müttəfiqlik bağları yerini maraqların diktə etdiyi dinamik və praqmatik gedişlərə verir. Bu reallığın mərkəzində dayanan Fransa isə Qərbin vahid cəbhə obrazını sındıraraq, xüsusilə anqlosaks dünyasından fərqlənən müstəqil bir güc mərkəzi kimi çıxış etməkdədir. BMT-dəki kritik səsvermələrdən tutmuş Yaxın Şərq və Ukrayna böhranlarına qədər rəsmi Parisin sərgilədiyi xətt, transatlantik ittifaq daxilindəki dərin çatların və yeni qlobal balans axtarışlarının ən bariz göstəricisidir. Bütün bu hadisələr fonunda Fransada 2027-ci il prezident seçkilərinə namizəd olan "Əyilməz Fransa” (La France insoumise LFI) partiyasının lideri Jan-Lük Melenşon ölkəsinin NATO-dan çıxmasının və əməkdaşlığa əsaslanan bitərəflik siyasəti yürütməsinin vacibliyini bəyan edib.

Məsələ ilə bağlı siyasi şərhçi Turab Rzayev Crossmedia.az-a açıqlama verib: "Düşünürəm ki, bu, tamamilə mümkündür. Fransa onsuz da müttəfiqlik münasibətlərində artıq özünü Qərbdən fərqli aparır. Vaxtaşırı olaraq anqlosaks dünyasından, xüsusən də ABŞ-dən fərqli xətt izləyir. Bunun dəfələrlə şahidi olmuşuq. Xatırlayırıqsa, Fransa BMT-dəki səsvermədə, hətta İrana qarşı müharibə məsələsində Çin və Rusiyanın yanında yer aldı. İranı sonuna qədər müdafiə etdi, onun mövqeyini dəstəklədi.
Bundan əvvəl də dəfələrlə analoji vəziyyətlər yaranıb, hətta buna görə Britaniya və ABŞ-nin ciddi narazılığı baş qaldırıb. Yelisey Sarayının rəhbəri Emmanuel Makronu tənqid hədəfinə çevirmişdilər".
Ekspert eyni zamanda ABŞ prezidenti Donald Trampın Makronu tənqid etməsinə də diqqət çəkib: "Bundan başqa, Tramp da dəfələrlə Makronu açıq şəkildə tənqid edərək bildirmişdi ki, onun addımları ABŞ ilə müttəfiqlik ruhuna uyğun gəlmir. Fransaya qarşı anqlosaks koalisiyası-"AUKUS" yaradılmışdı və orada Fransaya veriləcək yüz milyardlarla dollarlıq hərbi layihələri Avstraliya və Yeni Zelandiya ilə birlikdə ABŞ və Britaniya öz üzərinə götürmüşdü.
Bütün bunlar onu göstərir ki, Fransa artıq anqlosaks dünyası, yəni ABŞ və Britaniya ilə münasibətlərinə yenidən baxır. Sadəcə olaraq, hazırda belə bir məsələ gündəmdədir ki, Fransa sanki Ukrayna məsələsində ən azından Britaniya ilə həmfikir kimi görünür. Britaniya bu məsələdə ABŞ-dən bir qədər uzaqlaşıb, Avropa İttifaqı ilə-Almaniya və Fransa ilə birlikdə hərəkət edir.
ABŞ Ukrayna məsələsində fərqli mövqedən çıxış edir. İran məsələsində isə görürük ki, Britaniya, Fransa və Almaniya bu dəfə açıq şəkildə müharibənin əleyhinə və ya diplomatik həllin lehinə çıxış edirlər. Bu dəfə Britaniya, Fransa və Almaniya vahid cəbhədən çıxış edir və burada ABŞ-ın mövqeyi ilə ziddiyyətlər yaranır".
Turqut Ansari
14:30 02.07.2026
Oxunuş sayı: 47