Çin Rusiyanın arxasından çəkilir: Avropa elə bir addım atdı ki...
Avropa İttifaqı (Aİ) və Çin arasındakı iqtisadi tellər sadəcə iki tərəfin deyil, qlobal bazarın da nəbzini tutan ən böyük arteriyalardan biridir. Bu gün geosiyasi arenada baş verən tektonik sürüşmələr-istər Rusiya-Ukrayna müharibəsinin yaratdığı yeni təhlükəsizlik reallıqları, istərsə də Transatlantik və regional ittifaqların yenidən formalaşması, bu iki nəhəngin münasibətlərini strateji bir yol ayrıcına gətirib çıxarıb. Ticarətin nəhəng miqyası tərəfləri masa arxasında qalmağa məcbur etsə də, iqtisadi maraqlarla siyasi prinsiplərin toqquşması yeni platformaların və güzəşt mexanizmlərinin yaradılmasını qaçılmaz edir.

Məsələ ilə bağlı siyasi şərhçi Əli Mustafa Crossmedia.az-a açıqlama verib.
"Çin və Aİ arasında böyük ticarət mübadiləsi var. Onların ticarət dövriyyəsinin həcmi olduqca böyükdür-yüz milyardlarla dolları əhatə edir. Yəqin ki, Aİ ABŞ ilə olan bəzi məsələlərə də yenidən baxır. Hətta bugünlərdə, Türkiyə ilə də müzakirələri oldu, bu mövzulara toxunuldu.
Çin Aİ-nin, Aİ də Çinin əsas böyük ticarət tərəfdaşlarından biridir. Amma, şübhəsiz ki, regionda baş verən müharibənin-Rusiya-Ukrayna müharibəsinin də bu münasibətlərə ciddi təsiri var.
Yəqin ki, bu ticarət əlaqələri qrupunun daxilində müəyyən siyasi məsələlər də müzakirə olunur. Mümkün ssenaridir ki, Çinin Rusiyaya dəstək verməməsi üçün Aİ Çinlə hansısa məsələlərə yenidən baxa, müəyyən güzəştlər edə və ya bəzi razılaşmaları yeniləyə bilər. Amma bütün hallarda, onların ticarət dövriyyəsi böyük olduğuna görə, hər iki tərəf bu münasibətləri qorumaqda maraqlıdır".
Turqut Ansari
11:30 02.07.2026
Oxunuş sayı: 43