Lukaşenkonun Çinə səfərinin əsl məqsədləri bilindi: Minskdən Moskvaya zərbə
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Pekinə səfəri və Çin rəhbərliyi ilə görüşlərini qlobal geosiyasi şahmat taxtasında sadə bir diplomatik gediş deyil, Avrasiyanın güc balansını yenidən formalaşdıran strateji kimi qiymətləndirənlər var. Ukraynadakı böhranın fonunda və regional gərginliyin pik həddə çatdığı bir dönəmdə reallaşan bu ziyarət, Minskin təkcə iqtisadi tərəfdaşlıq deyil, həm də öz varlığını qorumaq üçün yeni təhlükəsizlik çətiri axtarışında olduğunu nümayiş etdirir.

Çinin Ukraynanın ərazi bütövlüyünü tanıyan bəyanatının dərhal ardınca baş tutan bu təmaslar, rəsmi Minskin xarici siyasətdəki manevr imkanlarını genişləndirmək və Rusiyadan olan birtərəfli asılılığı balanslaşdırmaq cəhdi kimi xüsusi əhəmiyyət kəsb edir. Bir tərəfdən Qərbin təzyiqləri, digər tərəfdən isə müharibənin alovuna sürüklənmək riski ilə üz-üzə qalan Belarus üçün Pekin, regional fırtınada sığına biləcəyi ən güclü geosiyasi liman rolunu oynayır. Sözügedən səfəri şərh edən siyasi şərhçi Aqşin Kərimov Crossmedia.az-a danışıb:
"Belarus Prezidenti Aleksandr Lukaşenkonun Çinə səfəri Belarusla Çin arasındakı hərbi əməkdaşlığın və strateji tərəfdaşlığın miqyasını mövcud münaqişənin xarakterinə uyğunlaşdırmaq məqsədi daşıyır. Belarus Prezidentinin öz ölkəsinin müharibəyə qoşulacağından ehtiyat etdiyini nəzərə alsaq, onun Çinə səfərinin və Çin lideri Si Cinpinlə görüşünün pərdəarxası məqamlarını aydınlaşdırmaq imkanı yaranır. Çünki Belarusla Çin arasındakı münasibətlər sistemi Avrasiyanın geosiyasi xəritəsinin formalaşmasında əsas aspektlərdən biridir.
Belə olduğu təqdirdə, Belarus Prezidenti iki əsas səbəblə Çinə səfər edə bilər.
Birinci səbəb ondan ibarətdir ki, Belarusun Rusiyadan asılılığını azaltmaq məqsədi, ikinci səbəb isə Belarusun savaşa da il olacağı təqdirdə, Çini Belarusun "arxasına almaq". Bunun üçün isə Belarus prezidenti Çin liderini liderini inandırmağa çalışıb və yəqin ki, buna nail də olub".
Ekspert Belarus və Çinin hərbi əməkdaşlığına da diqqət çəkib: "Burada prioritet təşkil edən əsas xətt ondan ibarətdir ki, Çin Belarusla güclü hərbi əməkdaşlığa malikdir və Ukrayna Belarusu münaqişəyə, müharibəyə cəlb edərsə, bu, Çinin də strateji maraqlarına qarşı bir həmlə kimi qiymətləndirilə bilər. Çinlə Belarus arasındakı münasibətlərin xarakterinə və miqyasına bu prizmadan baxdıqda, Lukaşenkonun səfərinin əsl mahiyyəti üzə çıxmış olur.
Rusiya ilə Çin arasındakı münasibətlər nə qədər strateji tərəfdaşlıq prioritetlərinə söykənsə və tərəflər bunu formal olaraq bəyan etsələr də, düşünürəm ki, onların pərdəarxasında bir-birinə qarşı gizli bir mübarizəsi də mövcuddur. Sadəcə, bu mübarizə açıq müstəvidə getmir. Tərəflər bir-birinə kompromisə getməklə tərəfdaşlıq prioritetlərini genişləndirirlər. Bu da təbii ki, qərbin mümkün həmlələrinin qarşışında immunitet qazanmaq məqsədi daşıyır.
Son zamanlar Belarusun bu proseslərdə iştirakı onun Çinlə əlaqələrdə və Rusiya ilə münasibətlərdə fərqli bir strategiya izləməyə sövq edildiyini göstərir və bu vəziyyəti, yəqin ki, Aleksandr Lukaşenko daha aydın başa düşür. Ukrayna Prezidentinin Belarusa qarşı genişmiqyaslı hədələri isə regionda böyük geosiyasi oyunların və qlobal qarşıdurmaların başlanacağı təqdirdə Minskin məğlub olacağına eyham vurmağa hesablanıb. Belarus prezidenti burada qalib gəlmək məqsədi ilə öz arxasına Çini almağa çalışır. Rusiyadan gözləntilər özünü doğrultmadığından Belarus Pekinlə əlaqələri ön plana çıxararaq özünün proseslərdəki rolunu qabartmağa çalışır".
Turqut Ansari
14:00 30.06.2026
Oxunuş sayı: 46