Universitetlər dezinformasiyaya qarşı informasiya immuniteti formalaşdırmalıdır
Dezinformasiyanın yayılması dünyada son illərdə altı dəfədən çox artıb və bu cür məlumatlar yayıldıqdan sonra onların təsirini aradan qaldırmaq daha çətin prosesə çevrilib. Xüsusilə süni intellekt əsaslı kontentin sürətlə artması dezinformasiyanın yayılmasını daha da sürətləndirən əsas amillərdən biri hesab olunur. Ekspertlər bildirirlər ki, bu prosesin qarşısının alınmasında media savadlılığının artırılması və kritik düşüncənin inkişafı mühüm rol oynayır.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin kafedra müdiri, dosent Xatirə Hüseynova bildirib ki, universitetlər artıq yalnız ixtisaslı kadr hazırlayan təhsil müəssisəsi deyil, həm də informasiya cəmiyyətinin müdafiəsində mühüm rol oynayan institutlardır.
X.Hüseynovanın sözlərinə görə, dezinformasiya artıq sadəcə yanlış xəbər deyil, ictimai rəyə, insan davranışına və təhlükəsizlik mühitinə təsir edən ciddi çağırışdır. "Bu baxımdan ali təhsil müəssisələrində media savadlılığının və kritik düşüncənin inkişafı xüsusi əhəmiyyət daşıyır. Tələbə yalnız xəbəri oxumağı deyil, onu sual altına almağı, mənbəni yoxlamağı, faktla rəyi ayırmağı, emosional manipulyasiyanı tanımağı bacarmalıdır. Müasir universitetin əsas vəzifələrindən biri də gənclərə informasiya axını içində düzgün seçim etmək bacarığı qazandırmaqdır."

X.Hüseynova qeyd edib ki, bu istiqamətdə universitetlərdə media savadlılığı fənlərinin tədrisə daxil edilməsi, faktyoxlama bacarıqlarının öyrədilməsi, sosial media məzmununun təhlili, süni intellektlə yaradılan informasiyanın yoxlanılması, plagiat və akademik dürüstlük mövzularının gücləndirilməsi mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, tələbələr real nümunələr üzərində işlədikdə saxta xəbərlərin hazırlanma üsullarını və manipulyasiya mexanizmlərini daha yaxşı anlayırlar. Media savadlılığı yalnız jurnalistika ixtisası üzrə təhsil alan tələbələr üçün deyil, bütün ixtisaslar üzrə oxuyan gənclər üçün vacibdir. Çünki dezinformasiya hamını hədəfə alır. Media savadlılığı artıq dar peşə bacarığı yox, müasir vətəndaşlıq kompetensiyasıdır. Universitetlər dezinformasiya kampaniyaları, bot şəbəkələri, deepfake texnologiyaları və sosial mediada manipulyasiya mexanizmlərinin araşdırıldığı elmi mərkəzlərə də çevrilməlidir. Dezinformasiyanın qarşısını almağın ən davamlı yolu qadağalar deyil, düşünən insan yetişdirməkdir. Kritik düşünən, mənbəni yoxlayan, faktı emosiyadan ayıran gənc cəmiyyət üçün ən güclü informasiya immunitetidir."
Zeynəb Həsən
17:00 27.06.2026
Oxunuş sayı: 91