Minsk Moskvanı sıxır: Belarus müharibəyə qoşulacaq
Müasir tarixin ən qanlı toqquşmalarından biri Ukrayna torpaqlarında davam edərkən, müharibənin görünməyən dalğaları və strateji oyunları qonşu dövlətlərin sərhədlərində dərin izlər buraxmaqdadır. Bu gərginliyin tam mərkəzində dayanan, hərbi addımları və bəyanatları ilə daim diqqət mərkəzində olan ölkə isə şübhəsiz ki, Belarusdur. Minsk rejiminin mütəmadi olaraq keçirdiyi səfərbərlik və hərbi təlimlər, sadəcə daxili müdafiə xarakteri daşımır; bu, həm Kiyevə yönəlmiş psixoloji bir təzyiq rıçaqı, həm də Kremlin gözündə "sadiq müttəfiq" rolunu oynamaq cəhdidir. Belarusun hərbi poliqonlarından gələn atəş səsləri hər nə qədər yeni bir cəbhənin açılacağı qorxusunu alovlandırsa da, Minskin bu müharibədəki rolu birbaşa döyüşməkdən daha çox, pərdəarxası plasdarm funksiyasını yerinə yetirməkdən ibarətdir.
Məsələ ilə bağlı hərbi ekspert Ədalət Verdiyev Crossmedia.az-a açıqlama verib: "Ukraynaya qarşı davam edən işğalçılıq müharibəsində Belarus birbaşa olaraq iştirak etmir. Belarus qoşunlarının Ukraynadakı əməliyyatlarda faktiki iştirakına dair indiyə qədər heç bir təsdiqlənmiş fakt və sübut mövcud deyil. Lakin Belarus, Rusiyanın ən yaxın müttəfiqi olaraq, öz ərazisini Rusiya qoşunlarının daşınması üçün təqdim edib. Digər tərəfdən, müharibənin ilk aylarında öz ərazisindən Kiyev və Çerniqov vilayətlərinə hücum edilməsi üçün imkanlar yaradıb. Beləliklə, Belarus ərazisi Ukraynaya qarşı işğalın həyata keçirilməsində bir plasdarm kimi istifadə olunub. Zədələnmiş Rusiya texnikalarının təmir və bərpasının böyük bir hissəsi də Belarus ərazisində həyata keçirilir. Hətta Ukrayna prezidenti Volodimir Zelenski Belarus ərazisində olan rabitə retranslyatorlarının sökülməsi barədə bəyanatla çıxış etmişdi"ş
Ekspert qeyd edib ki, Rusiya Belarusdan daha çoxunu tələb edir: "Rusiya Belarus qoşunlarının birbaşa olaraq Ukraynaya qarşı müharibədə iştirakını istəyir. Belarus isə mümkün qədər bu iştirakdan hələlik yayına bilir. Amma bu müttəfiqlik prizmasından çıxış edən Belarus hər il bir neçə dəfə müəyyən hərbi və səfərbərlik təlimləri keçirməklə, sanki Rusiyanın müharibəsində iştirak etməyə hazırlaşdığı görüntüsünü yaradır. Belarusun bu müharibəyə qoşulması, onun yerləşdiyi coğrafi mövqe baxımından Ukraynaya çox yaxın olduğunu nəzərə alsaq, Minsk üçün daha çox itki vəd edir. Bu baxımdan da Belarusun bu müharibəyə birbaşa olaraq qoşulması hələlik real görünmür".
Turqut Ansari
12:35 26.06.2026
Oxunuş sayı: 42