Bakıda II Türkman irsi Vətəndaş Cəmiyyətlərinin Həmrəyliyi forumu keçirilib
Bu gün Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və "Körpü" Türkman İrsi Araşdırmaları Mərkəzi ictimai birliyi tərəfindən "II Türkman İrsi: Vətəndaş Cəmiyyətlərinin həmrəyliyi" forumu keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbirdə Millət vəkilləri, media nümayəndələri, QHT sədrləri iştirak ediblər.
Tədbiri açıq elan edən Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin müşahidə şurasının üzvü, millət vəkili Rizvan Nəbiyev forumun türk xalqları üçün daşıdığı mənəvi mənadan və bu kimi tədbirlərin dövlət səviyyəsində keçirilməsinin əhəmiyyətindən danışıb.
Daha sonra Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxış edərək bu kimi tədbirlərin mədəni müstəvidə türkman birliyinin güclənməsinə töhvə verəcəyini bildirib.
Tədbirdə çıxış edən akademik, Milli Məclis sədrinin müavini Rafael Hüseynov türkmanların türk dünyasının ayrılmaz hissəsi olduğunu, mənəvi xəritəsinin dəyişməz və vahid olduğunu qeyd edərək, dahi Azərbaycan şairi Oğuzların Bayat boyuna mənsub olan Füzulinin yaradıcılığına diqqət çəkib, onun türk dilində yazıb-yaratmasının məhz elə türk etnoqrafiyası ilə bağlı olduğunu vurğulayıb. Daha sonra Füzuli Mədəniyyət Mərkəzinin sədri Haşim Kamil Mustafa, Suriya Parlamentinin Hələbli deputatı Tarık Sulo Cevizci, İraq Parlamentinin Kərküklü deputatı Ərşad Salihi Azərbaycan və Türkiyənin türkmanlara xüsusi diqqət yetirdiyini, onları daim mənəvi olaraq himayə etdiklərini bildiriblər. Öz ölkəsini təmsil edən hər bir millət vəkili Qarabağ məsələsinin bütün türk dünyası üçün əhəmiyyətindən danışıblar. Millət vəkili Tənzilə Rüstəmxanlı türk yazıçıların bu mövzuda əsərlərinin xüsusi əhəmiyyət daşıdığını bildirib.
Qeyd edək ki, tədbirdə "Müasir İnkişaf" ictimai birliyinin sədr müavini, filologiya elmləri üzrə fəlsəfə doktoru Tünzalə Seyfullayeva və Birliyin "Vətənpərvər Gənclər" klubunun koordinatoru Turqut Ansari də iştirak ediblər.
20:07 25.06.2026
Oxunuş sayı: 59