Hakimiyyətdən gedəndə "Hər şey bura qədər idi" demişdi: "Sarışın bomba" geri qayıdır?
Son illərdə Britaniya siyasəti köklü dəyişikliklər və daxili siyasi gərginliklərlə yadda qalır. Hakimiyyət dəyişikliyi, partiyalar daxilində yaşanan böhranlar və cəmiyyətdə artan narazılıqlar ölkənin siyasi gündəmini yenidən formalaşdırır.
Bu proseslər fonunda Mühafizəkarlar Partiyasının keçmiş lideri və sabiq baş nazir Boris Consonun adı yenidən siyasi müzakirələrdə hallanır. Onun rəhbərlik etdiyi dövr Britaniya siyasətində mühüm mərhələ kimi qiymətləndirilir və mümkün geri dönüş ssenarisi ölkənin siyasi gələcəyi ilə bağlı sualları gündəmə gətirir. Bəzi iddialara görə, Kir Starmerin istefasının ardınca Conson yenidən hakimiyyətə gələ bilər.

Beynəlxalq münasibətlər üzrə mütəxəssis Əziz Əlibəyli isə Crossmedia.az-a açıqlamasında bu ehtimalı real hesab etmədiyini bildirib: "Səbəb təkcə onun şəxsi istəyi deyil, həm də Britaniya siyasətində yaşanan dərin böhrandır. Hazırda Britaniya siyasətində ciddi dəyişikliklər və daxili siyasi sarsıntılar yaşanır. Leyboristlər Partiyasının lideri Kir Starmerin istefası, miqrasiya məsələsi ətrafında yaranan narazılıqlar və yerli təşkilatların mövqeyi siyasi gərginliyi artırıb. Belə bir vəziyyətdə Consonun yenidən gündəmə gətirilməsinin ciddi siyasi əsası yoxdur. Əgər o, geri qayıtsa belə, əvvəlki dövrdə olduğu kimi, yenidən istefa təzyiqləri ilə qarşılaşa bilər. Hazırda əsas proses Leyboristlər Partiyasının yeni lider seçimi ətrafında cərəyan edir. Consonun bu prosesdə birbaşa iştirak imkanı yoxdur. Mövcud hökumət böhranı isə mühafizəkarlarla deyil, məhz Leyboristlər Partiyasının daxili məsələləri ilə bağlıdır”.
Onun sözlərinə görə, Mühafizəkarlar Partiyasına Kemi Badenok rəhbərlik edir və partiyanın əsas siması kimi çıxış edir: "Lakin Badenokun da Boris Consonun geri dönüşündən siyasi imkan kimi istifadə etmək niyyətində olduğu görünmür. Consonun şəxsi siyasi statusu da onun mümkün dönüşünü çətinləşdirir. Hazırda onun açıq deputat mandatı yoxdur. O, maliyyə sektorunda fəaliyyət göstərir, eyni zamanda köşə yazıları və memuar layihələri ilə məşğuldur. Nəzəri baxımdan Consonun siyasətə qayıdışı müzakirə oluna bilər, amma praktiki baxımdan bu ssenari hazırda real görünmür".
Nigar Xəlilli
11:30 25.06.2026
Oxunuş sayı: 58