Ukrayna hərəkətə keçir: Müharibə daha şiddətli fazaya daxil olur
Müasir hərb tarixi status-kvonun reaktiv sürətlə dəyişdiyi yeni bir mərhələyə qədəm qoyur və Rusiya-Ukrayna müharibəsinin coğrafiyası artıq cəbhə xətlərini çoxdan aşıb. Dronların, uzaqmənzilli zərbələrin və asimmetrik döyüş taktikalarının ön plana çıxması, dünənə qədər toxunulmaz hesab edilən strateji arxa cəbhələri - Krımdan tutmuş Rusiyanın dərinliklərindəki sənaye mərkəzlərinə qədər hər bir nöqtəni birbaşa hədəfə çevirib. Bu gün Krım yarımadasında yaşanan kütləvi ajiotaj və logistik iflic, sadəcə hərbi itkilərin deyil, həm də müharibənin psixoloji və iqtisadi yükünün tərəflər arasında necə bərabərləşdiyinin bariz göstəricisidir. 2026-cı ilin geosiyasi reallıqları fonunda, bu qarşılıqlı tükəndirmə savaşı bizə hər iki tərəfin geri addım atmadan daha amansız və qətiyyətli toqquşmalara hazırlaşdığını pıçıldayır.

Mövcud vəziyyətlə bağlı hərbi ekspert Üzeyir Cəfərov Crossmedia.az-a açıqlama verib: "Rusiya-Ukrayna müharibəsində son illər baş verənlər, əlbəttə ki, vəziyyətin tamam dəyişdiyini göstərir. Krım yarımadasında da vəziyyət günü-gündən daha da pisləşir. Çünki Ukrayna Silahlı Qüvvələri dronlar vasitəsilə Krımdakı həm strateji, həm də hərbi hədəfləri sıradan çıxarır. Onlardan biri də Kerç şəhərində yerləşən istilik elektrik mərkəzidir. Ümumiyyətlə, Krımda panika və narahatlıq hökm sürür. Krım rəhbəri Sergey Aksyonov insanlar şəxsi avtomobillərdən az istifadə etməsi ilə bağlı xalqa müraciət edib. Artıq Krımda əhali yavaş-yavaş mağaza və marketlərdən kütləvi şəkildə şəkər tozu, duz, qarabaşaq, düyü və digər ilkin zəruri məhsulları almağa başlayıb. Ukraynanın Rusiyaya qarşı bu gedişləri, əlbəttə ki, Rusiya üçün heç də yaxşı gələcək vəd etmir.
Moskvaya endirilən zərbələrdən bir neçə gün keçəndən sonra Rusiya rəhbərliyi yalnız bu günlərdə — yəni dünən və bu gün Ukraynanın dron və raket hücumları ilə bağlı fikrini bildirib. Əlbəttə ki, bu bəyanatlar vəziyyəti əsla dəyişmir. Reallıq odur ki, Ukrayna Silahlı Qüvvələri Rusiyanın logistik imkanlarını demək olar ki, məhdudlaşdırır. Əsgər və zabitlərin zəruri qida məhsulları, yanacaq və silah-sursatla təchizatında çox böyük problemlər əmələ gəlib. Ona görə də Rusiya bu məsələlərin həllində böyük çətinliklə üzləşib."
Ekspert Krımla bağlı baş verənlərin çox ciddi bir məsələ olduğunu diqqətə çatdırıb: "Krımla bağlı məsələyə gəldikdə isə Ukraynanın zərbələri davam edəcək. Çünki Krım, faktiki olaraq, 2014-cü ildən bu yana - 12 il ərzində ilk dəfədir ki, belə bir vəziyyətlə üzləşir. Vəziyyətin get-gedə daha da çətinləşəcəyi görünür. Ona görə də düşünürəm ki, tərəflər bu müharibədə bir-birinə qarşılıqlı zərbələr endirməkdə davam edəcəklər. Rusiya Ukraynanın paytaxtını, mərkəzi şəhərlərini, hərbi və mülki infrastrukturunu hədəf aldığı kimi, Ukrayna da Rusiyanın Krımdakı obyektlərini, Moskvanı, Leninqradı, Voroneji, Permi və digər bir çox şəhərlərində olan infrastrukturu sıradan çıxarmaqda israrlıdır və bunu davam etdirir. Bu nə qədər davam edəcək? Düşünürəm ki, qarşıdakı aylarda daha amansız toqquşmalarının və daha şiddətli savaşının şahidi olacağıq".
Turqut Ansari
11:56 25.06.2026
Oxunuş sayı: 58