Azərbaycan İslamofobiyaya qarşı mübarizədə ön sıradadır
Son illər dünyanın müxtəlif bölgələrində islamofobiya meyillərinin güclənməsi, müsəlmanlara və İslam dininə qarşı ayrı-seçkilik hallarının artması beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq doğurur. Belə bir şəraitdə Azərbaycan dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində fəal mövqe nümayiş etdirərək mühüm beynəlxalq təşəbbüslərlə çıxış edir. Bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının iştirakçılarına müraciətində də vurğuladl ki, islamofobiya ilə mübarizəyə beynəlxalq diqqətin artırılması məqsədilə ölkəmizdə bu mövzuya həsr olunmuş beynəlxalq konfransların keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Bəs dünyada islamofobiyanın geniş yayıldığı bir dövrdə Azərbaycanın belə mötəbər tədbirlərə ev sahibliyi etməsi hansı mesajları verir? Prezidentin çıxışında yer alan əsas məqamlar və verilən mesajlar nə ilə yadda qaldı?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov Crossmedia.az-a açıqlama verib:
“Təssüf ki, bu gün dünyamız bütün sahələr üzrə sürətlə inkişaf etsə də, bəşəriyyətin qarşısında duran ciddi problemlərdən biri mənəvi aşınma və dəyərlər böhranıdır. Vaxtilə belə bir nəzəriyyə irəli sürülürdü ki, gələcəkdə dinlərə ehtiyac qalmayacaq, çünki bəşəriyyət o qədər inkişaf edəcək ki, dinlərin cəmiyyətdəki rolu əhəmiyyətini itirəcək. Lakin zaman göstərdi ki, texnoloji və elmi inkişaf mənəvi kamilliyi təmin etmir. Əksinə, bəşəriyyət inkişaf etdikcə bir çox hallarda mənəvi zənginliyə deyil, mənəvi aşınmaya və dəyərlər böhranına doğru istiqamət aldı. Bu baxımdan bu gün dünyada islamofobiya kimi təhlükəli meyillərin geniş yayılması ciddi narahatlıq doğurur. Müsəlmanlara və İslam dininə qarşı ayrı-seçkilik halları bir sıra ölkələrdə açıq şəkildə müşahidə olunur. Belə bir şəraitdə Azərbaycan islam dünyasının ayrılmaz parçası kimi müsəlman ölkələri arasında həmrəyliyin və birliyin gücləndirilməsinə mühüm töhfələr verir”.

Deputat əlavə edib ki, Cənab Prezidentin müraciətində də bu məsələlərə xüsusi diqqət ayrılmışdı: “Çıxışda həm islamofobiya ilə mübarizənin vacibliyi, həm də dinlər və mədəniyyətlər arasında qarşılıqlı hörmətin əhəmiyyəti vurğulanırdı. Bu fikirlərin səsləndirilməsi və beynəlxalq ictimaiyyətə çatdırılması xüsusi önəm daşıyır. Azərbaycanda bu qəbildən olan tədbirlərin keçirilməsi ilk hal deyil. Ölkəmizdə dəfələrlə mühüm beynəlxalq dini və humanitar forumlar təşkil olunub. İslam Həmrəyliyi Oyunlarının keçirilməsi, İslam Əməkdaşlıq Təşkilatının müxtəlif tədbirlərinə ev sahibliyi edilməsi Azərbaycanın islam dünyası ilə əlaqələrinə verdiyi önəmin göstəricisidir. Bu gün isə Azərbaycan daha geniş bir missiyanı həyata keçirir. Ölkəmiz təkcə islam həmrəyliyinin təşviqində deyil, eyni zamanda dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafında da fəal rol oynayır. Azərbaycan müxtəlif sivilizasiyalar, dinlər və mədəniyyətlər arasında körpü rolunu oynayaraq qarşılıqlı anlaşma və əməkdaşlığın möhkəmlənməsinə öz töhfəsini verir. Bu gün Azərbaycan dövləti belə təşəbbüslərin ön sıralarında yer alır, qlobal əhəmiyyət daşıyan məsələlərin müzakirəsində fəal iştirak edir və öz mövqeyini açıq şəkildə ortaya qoyur. Bununla yanaşı, Azərbaycan islam dünyasının ayrılmaz parçası olduğunu, müsəlman ölkələri ilə həmrəyliyə və birliyə sadiqliyini növbəti dəfə beynəlxalq ictimaiyyətə nümayiş etdirir”.
Ayhan
10:30 25.06.2026
Oxunuş sayı: 49