Media subyektləri anlamalıdır ki, yaydıqları məlumatın hüquqi nəticələri var - Ekspert
Azərbaycanda internet məkanında yayılan məlumatların tənzimlənməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində yeni addım atılır. Milli Məclisdə müzakirəyə çıxarılan qanun layihəsinə əsasən, narkotik vasitələrin qanunsuz dövriyyəsini təbliğ edən, şəxsi həyatın toxunulmazlığını pozan, təhqir və böhtan xarakterli, eləcə də ictimai təhlükəsizliyə təhdid yaradan yalan məlumatların yayımlandığı internet resurslarına girişin müvəqqəti məhdudlaşdırılması nəzərdə tutulur. Təklif edilən dəyişikliklər parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, həmçinin Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirə olunub.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan media eksperti Murad Əliyev bildirib ki, müəyyən informasiya növlərinə görə saytlara məhdudiyyətlərin tətbiqi media mühitinin sağlamlaşdırılmasına yönəlmiş bir mexanizm kimi dəyərləndirilməlidir: "Belə məhdudiyyətlər ilk növbədə peşəkar məsuliyyətin artmasına xidmət edir. Media subyektləri anlamalıdır ki, yaydıqları məlumatın hüquqi nəticələri var. Bu baxımdan mənbə yoxlanışı, faktların dəqiqləşdirilməsi və balanslı mövqenin qorunması ön plana çıxır. Şübhəsiz ki, bu da jurnalistikanın əsas prinsiplərinin dürüstlük, obyektivlik və məsuliyyətin güclənməsinə şərait yaradır. Digər tərəfdən, informasiyaya nəzarət mexanizmləri manipulyativ məzmunun qarşısının alınmasında mühüm rol oynayır. Klik xatirinə şişirdilmiş başlıqlar, təsdiqlənməmiş iddialar və cəmiyyətdə panika yaradan paylaşımlar rəqəmsal mediada tez-tez rast gəlinən hallardır. Məhz bu tip məzmunlara qarşı məhdudiyyətlərin tətbiqi informasiya istehsalçılarını daha ciddi davranmağa vadar edir".
Ekspertin sözlərinə görə, bu cür tənzimləmə forması həm də oxucu etimadının bərpasına ciddi töhfə verəcək: "İctimaiyyət anlayır ki, müəyyən filtr və nəzarət mexanizmləri mövcuddur və yayımlanan məlumatlar tamamilə nəzarətsiz deyil. Bu isə gələcəkdə sosial şəbəkələrdən fərqli olaraq xəbər saytlarına daha çox etibar edilməsinə səbəb olacaq. Hesab edirəm ki, aydın meyarlarla tətbiq olunan məhdudiyyətlər medianın boğulmasına yox, əksinə, onun keyfiyyətcə inkişafına xidmət edəcək. Nəticə etibarilə, müəyyən informasiya növlərinə görə saytlara məhdudiyyətlərin tətbiqi rəqəmsal mediada nizam-intizam yaradır, peşəkarlığı təşviq edir və manipulyasiyalara qarşı qoruyucu mexanizm rolunu oynayır. Bu yanaşma düzgün balans qorunduğu halda həm media subyektləri, həm də cəmiyyət üçün faydalı ola bilər".
Fatimə Cabbarlı
19:00 24.06.2026
Oxunuş sayı: 41