Almaniya Rusiyaya qarşı hərəkətə keçdi: Minlərlə hərbçi sərhədə yeridildi
Almaniyanın Belarus sərhədinə yaxın ərazilərdə hərbi mövcudluğunu artırmaq qərarı Avropada təhlükəsizlik məsələləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Ekspertlər hesab edirlər ki, bu addım təkcə Belarusla deyil, bütövlükdə Rusiyadan qaynaqlanan risklərlə bağlıdır.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, son dövrlər Ukrayna ilə Belarus arasında müşahidə olunan gərginlik və Rusiya-Ukrayna müharibəsinin yaratdığı risklər region ölkələrini əlavə təhlükəsizlik tədbirləri görməyə sövq edir.
Onun sözlərinə görə, Almaniyanın qərarı təkbaşına atılmış addım deyil: “Son günlər Ukrayna ilə Belarus arasında müəyyən gərginlik müşahidə olunur və bu vəziyyət istənilən vaxt daha aktiv mərhələyə keçə bilər. Almaniyanın Belarus sərhədinə yaxın ərazilərdə hərbi mövcudluğunu artırmaq qərarı da bu amillərlə bağlıdır. Burada söhbət təkcə Almaniyadan getmir. Polşa, Rumıniya və Baltikyanı ölkələr də təhlükəsizlik tədbirlərini gücləndirirlər. Əslində Belarus burada formal amildir, əsas məqsəd Rusiyadan qaynaqlanan potensial təhlükələrə qarşı müdafiə imkanlarını artırmaqdır”.
Hərbi ekspert qeyd edib ki, NATO ilə Rusiya arasında münasibətlər hazırda kifayət qədər gərgin olaraq qalır: “NATO Rusiyanı işğalçı dövlət kimi qiymətləndirir və onun addımlarını qəti şəkildə pisləyir. Rusiya isə NATO-nun sərhədlərinə yaxınlaşmasından narahatdır. Ukrayna müharibəsi başlayandan sonra Finlandiya və İsveçin alyansa qoşulması ilə NATO üzvlərinin sayı 32-yə çatıb. Ukrayna da gələcəkdə NATO-ya üzv olmaq niyyətini gizlətmir”.
Ü.Cəfərovun fikrincə, Şərqi Avropada hərbi-siyasi vəziyyət hələ də gərgin olaraq qalır və bu vəziyyət Rusiyanın Ukraynaya qarşı müharibəni davam etdirməsi ilə birbaşa bağlıdır: “Nə qədər ki, Rusiya bu müharibəni dayandırmaq niyyətində deyil, regionda gərginlik davam edəcək. Bununla belə, son hadisələr göstərir ki, Rusiyanın əvvəlki imkanları artıq zəifləyib. Müharibənin davam etdirilməsi üçün həm maliyyə, həm də digər resurslar baxımından çətinliklər artır”.
Ekspert hesab edir ki, yaxın illərdə regionda mühüm geosiyasi dəyişikliklər baş verəcək: “Hazırda çox ciddi dəyişikliklər astanasındayıq. Rusiyanın apardığı siyasət nəticəsində onun müxtəlif bölgələrdəki təsir imkanları azalır. Qarşıdakı dövrdə həm Avropada, həm də postsovet məkanında yeni siyasi və təhlükəsizlik reallıqları formalaşa bilər. Mən bu dəyişikliklərin daha çox müsbət nəticələr verəcəyinə inanıram”.
Zeynəb Həsən
19:00 23.06.2026
Oxunuş sayı: 51