Moskva və İrəvan arasında münasibətlərin qırılması gündəmdə deyil
Son günlər Rusiya mediasında Ermənistanın daxili siyasi vəziyyəti və Baş nazir Nikol Paşinyanın fəaliyyəti ilə bağlı tənqidi materialların sayı artıb. Xüsusilə seçkilərdən sonra yayımlanan təhlillərdə Ermənistan hakimiyyətinin fəaliyyəti, Moskva-İrəvan münasibətlərinin gələcəyi və ölkənin xarici siyasət kursu müzakirə olunur. Bəzi nəşrlərdə hətta Ermənistanın Rusiyadan uzaqlaşdığı və Qərbə inteqrasiya xəttini sürətləndirdiyi iddia edilir. Son prosesləri izləsək Ermənistanın verdiyi siyasi qərarların istiqaməti Avropaya yönəlməkdir. Və bu gün regiondakı əbədi müttəfiqi Rusiya Ermənistanın bu siyasətindən xəbərdardır.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Tofiq Abbasov bildirib ki, seçkilərdən əvvəl də Rusiya ilə Ermənistan arasında müəyyən gərginlik və fikir ayrılıqları müşahidə olunurdu:
“Seçkilərə qədər Moskva ilə İrəvan arasında münasibətlərdə müəyyən soyuqluq yaranmışdı. Hətta Nikol Paşinyanla Vladimir Putin arasında dolayısı ilə söz savaşı da yaşanmışdı. Seçkilərin keçirilməsi, iştirak şərtləri və bəzi siyasi fiqurların prosesə buraxılması ilə bağlı tərəflərin fərqli mövqeləri diqqət çəkirdi. Bu məqamlar münasibətlərdə etimad mühitinin nə dərəcədə mövcud olması ilə bağlı suallar yaradır”.

Politoloqun sözlərinə görə, Rusiya mediasında yayımlanan tənqidi materiallar daha çox müəyyən siyasi qrupların maraqlarından qaynaqlanır: “Bu yazıların arxasında müxtəlif maraq qrupları dayanır. Məsələn, Ermənistana girişinə qadağa qoyulan bəzi rus siyasətçiləri və lobbiçilər Paşinyan hakimiyyətinə qarşı açıq narazılıq nümayiş etdirirlər. Onlar Ermənistanın siyasətini tənqid etməklə həm öz mövqelərini gücləndirməyə, həm də Kremlin yanaşmasına təsir göstərməyə çalışırlar”.
Tofiq Abbasov hesab edir ki, Ermənistanın Avropa İttifaqına inteqrasiyası ilə bağlı səsləndirilən fikirlər reallıqdan uzaqdır: “Avropa rəsmiləri Ermənistana müxtəlif vədlər versələr də, ölkənin iqtisadi sistemi və əsas bazarları hələ də Avrasiya İqtisadi İttifaqına bağlıdır. Ermənistanın qısa müddətdə bu platformadan ayrılması onun iqtisadiyyatı üçün ciddi risklər yarada bilər. Buna görə də Ermənistanın yaxın perspektivdə Avropa İttifaqının tamhüquqlu üzvünə çevriləcəyini real hesab etmirəm”.
Politoloq vurğulayıb ki, bütün tənqidi yazılara baxmayaraq, Moskva ilə İrəvan arasında münasibətlərin qırılması gündəmdə deyil:
“Rusiya mediasında müxtəlif iddialar səsləndirilə bilər. Ancaq bu, Kremlin Ermənistanla əlaqələri kəsmək niyyətində olması anlamına gəlmir. Əksinə, tərəflər arasında münasibətlərin davam etdirilməsi üçün qarşılıqlı maraqlar mövcuddur. Nikol Paşinyanın seçkilərdən sonra Moskvaya səfər planları barədə açıqlaması da bunu göstərir. Ona görə də Rusiya-Ermənistan münasibətlərinin tamamilə qırılacağını düşünmürəm”.
Zeynəb Həsən
13:40 23.06.2026
Oxunuş sayı: 58