Rusiya müharibə xərclərini artırdı - Səbəblər açıqlandı
Son dövrlərdə Rusiya ilə bağlı müzakirələrdə diqqət çəkən əsas məqamlardan biri hərbi xərclərin əhəmiyyətli dərəcədə artırılması ilə bağlı iddialardır. Məlumata görə, Moskvanın müharibə xərclərini təxminən 40 faiz artırmaq niyyəti onun iqtisadi və maliyyə imkanlarının bu yükü nə qədər daşıya biləcəyi sualını yenidən gündəmə gətirib. Bu fonda əsas müzakirə mövzusu Rusiyanın mövcud iqtisadi potensialının belə bir artımı dəstəkləyib-dəstəkləyə bilməməsi, eləcə də uzunmüddətli müharibə strategiyasının davamlılığıdır. Xüsusilə enerji bazarlarında dəyişən qiymətlər, beynəlxalq sanksiyalar və qlobal iqtisadi təzyiqlər fonunda bu qərarın real təsirləri daha da aktuallaşır.
Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli Crossmedia.az-a açıqlama verib:

“Rusiyanın təbii ki, müəyyən maliyyə-iqtisadi potensialı hələ də qalmaqdadır. Ancaq son vaxtlar bu imkanlar ciddi şəkildə məhdudlaşıb və Rusiyanın iqtisadiyyatı bütövlükdə Ukrayna müharibəsinin maliyyə yükünü daşımaqda çətinlik çəkir. Bununla belə, burada önəmli olan məqamlardan biri ondan ibarətdir ki, Yaxın Şərqdə baş verən gərginlik və müharibə Rusiyanın xeyrinə müəyyən əlavə maliyyə resursları formalaşdırdı. Çünki həm münaqişə səbəbindən enerji resurslarının dünya bazarlarında bahalaşması, həm də Hörmüz boğazı ilə bağlı mümkün risklərin artması nəticəsində qlobal enerji bazarında qeyri-müəyyənlik yaranması Rusiyanın maraqlarına müəyyən mənada uyğun gəlirdi. Bu amillərin nəticəsində Rusiya həm öz neftini daha çox həcmdə satmaq, həm də daha yüksək qiymətə ixrac etmək imkanı qazandı. Bu da təbii olaraq Rusiyanın dövlət büdcəsinə əlavə gəlirlər gətirdi”.
Politoloq əlavə edib ki, ona görə də Rusiyanın hərbi xərclərini, yəni müharibə xərclərini təxminən 40 faiz artırması o qədər də gözlənilməz hesab edilmir: “Rusiya həm bu müharibəyə davam gətirmək, həm də onu öz istədiyi nəticə ilə yekunlaşdırmaq məqsədini reallaşdırmağa çalışır. Lakin indiki situasiyada bu prosesin o qədər də asan olmayacağı görünür. Çünki Rusiya ilə paralel olaraq Ukrayna da güclənməkdə davam edir və Rusiya ərazilərinin dərinliklərinə daha sarsıdıcı zərbələr endirir. Bu isə Rusiyanın daxilində enerji və iqtisadi gərginliklərin yaranmasına səbəb olur. Belə bir vəziyyətdə Rusiya müharibə xərclərini artırmağa həm də məcbur qalır. Böyük ehtimalla hələ bir müddət Rusiyanın iqtisadiyyatı bu xərcləri qarşılaya biləcək. Lakin dünya bazarlarında enerji resurslarının qiymətləri sabitləşdikdən sonra Rusiyanın bu ağır yükün altından qalxıb-qalxa bilməyəcəyi müəyyən qədər sual altında qalır”.
Ayhan
15:05 19.06.2026
Oxunuş sayı: 57