Ukraynanın Aİ-yə inteqrasiyası yeni mərhələ açır: Avropada güc xəritəsi yenidən qurulur
Rusiya ilə Qərb arasında artan geosiyasi gərginlik fonunda Avropa İttifaqının təhlükəsizlik və müdafiə sahəsində atdığı addımlar diqqət mərkəzindədir. Moskva Aİ-nin hərbi imkanlarının genişləndirilməsini özünə qarşı yönəlmiş addım kimi qiymətləndirir. Ukraynanın Avropa İttifaqına inteqrasiyası məsələsi isə bu prosesin regional təhlükəsizlik balansına mümkün təsirləri baxımından müzakirə olunur.
Hərbi ekspert Heydər Mirzə Crossmedia.az-a mövzu ilə bağlı açıqlama verib.

Ekspert bildirib ki, Avropa İttifaqı və Ukrayna artıq olduqca sıx əməkdaşlıq edirlər: “Balans deyiriksə, ikitərəfli balans anlamında Aİ və Ukrayna tərəzinin eyni tərəfindədirlər. Sadəcə, dediyiniz baş versə, yəni üzvlükdən söhbət gedirsə, o zaman ikitərəfli hərbi tərəfdaşlıq və bu tərəfdaşlığın daha da institutlaşması üçün yeni imkanlar açılacaq”.
Heydər Mirzə Rusiyanın mövqeyinə də toxunub: “Rusiyaya gəldikdə, Aİ sərhədlərinin Ukraynanın şərqi sərhədlərində bərqərar olması bir tək Rusiya üçün deyil, Türkiyə və Çin üçün də müxtəlif şeylər deməkdir. Bu səbəbdən düşünürəm ki, Rusiyanın reaksiya imkanları çox məhdud olacaq”.
Ekspert Ukraynanın hazırkı statusunu xatırladıb: “Hal-hazırda Ukrayna nə Aİ-nin, nə NATO-nun üzvü deyil. Lakin faktiki olaraq Rusiya bunun qarşısını almaq üçün özünü uzunmüddətli və ağrılı-acılı bir müharibəyə sürüklədi. Çindən asılı vəziyyətə düşdü. Qara dəniz donanmasını itirdi və s.”
Heydər Mirzə vurğulayıb ki, bütün bunlar Aİ sərhədlərinin Ukrayna hesabına genişlənməsi perspektivinə təsir edəcək. Lakin o, prioritet məsələni belə açıqlayıb: “Lakin ilk növbədə ortada olan məsələ hərbi əməliyyatlar və Ukraynaya qarşı işğalın dayandırılmasıdır”.
Nigar Xəlilli
11:00 18.06.2026
Oxunuş sayı: 62