Avropanın Albaniya ilə bağlı gizli planı: Rəsmi Tirana üçün çətin günlər başlayır
Albaniyada qorunan ərazinin yaxınlığında lüks kurortun tikintisi ilə bağlı yaranan mübahisə ölkənin Avropa İttifaqına inteqrasiya prosesi ətrafında yeni müzakirələrə səbəb olub. Avropa Komissiyası layihənin ekoloji standartlara uyğunluğuna dair narahatlığını ifadə edərək rəsmi Tirananı xəbərdar edib. Bununla yanaşı, bəzi ekspertlər məsələni yalnız ekoloji deyil, həm də siyasi kontekstdə qiymətləndirirlər.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli hesab edir ki, Avropa Komissiyasının iradları ilk növbədə ekoloji standartlarla əlaqələndirilməsinə baxmayaraq, burada siyasi amillər də rol oynayır:
“Məncə, Albaniyanın ekoloji qərarlara uyğunlaşa bilmədiyi görüntüsünü yaratmağa çalışırlar. Avropa Komissiyası həm də Vloraya yaxın yerləşən Sazan adası ilə bağlı öz direktivlərinə istinad edərək layihənin onlara zidd olduğunu əsaslandırır”.

Onun sözlərinə görə, oxşar layihələrin başqa ölkələrdə həyata keçirilməsinə münasibətlə müqayisədə Albaniyaya fərqli yanaşma müşahidə olunur:
“Düşünürəm ki, burada daha çox başqa maraqlar rol oynayır. Çünki analoji olaraq bir çox ölkələrdə həyata keçirilən layihələr var və onlara heç bir irad bildirilmir. Amma Albaniya üçün bu məsələ problemə çevrilir. Halbuki Albaniya öz turizm sektorunu inkişaf etdirməlidir və bunun üçün vacib investisiyalar cəlb edir. Əgər ətraf mühitə zərər vurulmayacağı bildirilirsə, bu məsələ sonradan siyasi kampaniyaya çevrilir”.
Ə.Əlibəyli hesab edir ki, Avropa İttifaqının narahatlığı təkcə ekoloji amillərlə məhdudlaşmır:
“Belə hesab edirəm ki, flaminqoların, müxtəlif quş növlərinin və digər canlıların yaşayış məskənləri ilə bağlı arqumentlərdən əlavə, Avropa İttifaqında Albaniya baş nazirinin müstəqil xarici siyasət xəttinə qarşı müəyyən qıcıq yaranıb. Avropa Komissiyası ikinci mərhələdə Tiranaya daha diqqətlə baxmaq istəyir. Hər halda, ekologiya məsələsi üzərindən Albaniyanın Avropaya inteqrasiyasını ləngitmək cəhdləri görünür”.
Politoloq əlavə edib ki, Albaniyanın bəzi ölkələrlə münasibətləri də Avropada narahatlıq yaradan amillərdən biri kimi qiymətləndirilə bilər:
“Avropada Albaniyanın müəyyən qədər digər keçmiş sosialist respublikaları və Rusiya ilə isti münasibətlərinə qarşı da qıcıq hiss olunur. Görünür ki, Avropa bu məsələdə Albaniyanı ciddi şəkildə nəzarətdə saxlamağa çalışır və ona müəyyən qısqanclıqla yanaşır”.
Zeynəb Həsən
18:00 12.06.2026
Oxunuş sayı: 56