Rusiyada seçkilər nəyi dəyişəcək? - son sözü yenə Putin deyəcək
Rusiyanın hakim “Vahid Rusiya” partiyasının qarşıdan gələn seçkilər üçün keçirdiyi ilkin səsvermə mərhələsi başa çatıb. Partiyanın sədri Dmitri Medvedev prosesin uğurla yekunlaşdığını bildirərək, nəticələrin rəqəmsal prosedurlar tamamlandıqdan sonra açıqlanacağını bəyan edib.
Medvedevin sözlərinə görə, mayın 25-dən 31-dək davam edən səsvermədə 10 milyondan çox vətəndaş iştirak edib ki, bu da seçicilərin siyasi proseslərə yüksək maraq göstərdiyini nümayiş etdirir.
O, həmçinin Ukrayna müharibəsi veteranlarının namizəd kimi fəal iştirak etdiyini vurğulayaraq, partiyanın onların dövlət idarəçiliyində daha geniş təmsil olunmasına xüsusi önəm verdiyini qeyd edib.
Məsələ ilə bağlı politoloq Əhəd Məmmədli Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Düşünmürəm ki, ciddi bir dəyişiklik baş versin. Çünki Rusiyada avtoritar idarəetmə mövcuddur və hər hansı dəyişiklik olsa belə, bu daha çox hakimiyyət daxilində, vahid siyasi blok çərçivəsində baş verə bilər. Məsələn, hakimiyyətə daha gənc kadrların gəlməsi mümkündür, lakin bu, sistemin mahiyyətini köklü şəkildə dəyişməyə bilər.
Ukrayna müharibəsinə təsir göstərə biləcək əsas amillərdən biri demokratik seçkilərin keçirilməsi olardı.
Hazırkı vəziyyətdə isə görünən odur ki, Rusiya cəmiyyəti uzunmüddətli müharibə şəraitinə müəyyən qədər uyğunlaşıb və buna görə də ciddi ictimai etirazlar müşahidə olunmur. Bu da Putinə müharibəni davam etdirmək üçün əlavə siyasi rahatlıq verir.
Bütün itkilərə və Ukraynanın Rusiyanın strateji obyektlərinə qarşı həyata keçirdiyi pilotsuz uçuş aparatları ilə hücumlara baxmayaraq, Rusiya daxilində ciddi siyasi təzyiq formalaşmayıb.
Hətta Ukraynanın 9 May paradı ərəfəsindəki təhdid və təzyiq cəhdlərinə baxmayaraq, cəmiyyətin ümumi davranışı dəyişməyibsə, bu, Kremlin öz mövqeyini kifayət qədər sabit hesab etdiyini göstərir. Belə bir şəraitdə Rusiyanın gələcək addımlarını daha çox Vladimir Putinin siyasi iradəsi müəyyənləşdirəcək".
Elmir Heydərli
11:15 01.06.2026
Oxunuş sayı: 74