Ukrayna üçün vəziyyət çox ciddi olacaq - RƏY
Rumıniya ərazisinə Rusiyaya məxsus pilotsuz uçuş aparatının düşməsi və yaşayış binasında yanğına səbəb olması regionda təhlükəsizlik risklərinin yeni mərhələyə keçdiyini göstərən hadisə kimi qiymətləndirilir. Qalats şəhərində baş verən insident nəticəsində iki nəfərin xəsarət alması, sakinlərin təxliyə olunması və rəsmi Buxarestin Moskvanın səfirini Xarici İşlər Nazirliyinə çağırması NATO üzvü olan Rumıniya ilə Rusiya arasında gərginliyin daha da artacağı ehtimalını gündəmə gətirib. Hadisə fonunda Rumıniya rəhbərliyinin təcili təhlükəsizlik toplantısı keçirməsi də məsələnin nə qədər ciddi qəbul edildiyini ortaya qoyur.
Baş verənlər Ukrayna müharibəsinin sərhəd ölkələrinə təsirlərinin artıq daha açıq şəkildə hiss olunduğunu nümayiş etdirir. Rumıniya tərəfinin hadisəni beynəlxalq hüququn və hava məkanının kobud pozuntusu adlandırması, Avropa İttifaqı və NATO müttəfiqlərini məlumatlandırması, həmçinin əlavə hava müdafiə vasitələrinin sürətləndirilməsini tələb etməsi Qərbin təhlükəsizlik gündəmində yeni müzakirələrə səbəb ola bilər. Ekspertlər hesab edirlər ki, belə insidentlərin təkrarlanması regionda eskalasiya riskini artırmaqla yanaşı, Rusiyaya qarşı diplomatik və iqtisadi təzyiqlərin daha da sərtləşdirilməsinə gətirib çıxara bilər.
Məsələ ilə bağlı politoloq Əziz Əlibəyli Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Bu ehtimallar fonunda müharibənin genişlənməsindən daha çox, onun Ukrayna ərazisinə doğru ekspansiya olunacağı gözlənilir. Ukraynaya qarşı genişmiqyaslı və olduqca ciddi hücumların baş verməsi ehtimalı yüksək qiymətləndirilir. Rusiya müxtəlif NATO ölkələrinə yönələn bu addımlarla öz mesajını verməyə çalışır və prosesin inkişafı müxtəlif aspektlər üzrə fərqli ssenarilər yarada bilər".
Elmir Heydərli
19:47 29.05.2026
Oxunuş sayı: 68