“İRS mobil tətbiqin hazırlanması” layihəsi üzrə çəkilişlər yekunlaşıb
“Gilavar Foto Klubu” İctimai Birliyinin Azərbaycanın tarixi, mədəni və arxeoloji irsinin rəqəmsallaşdırılması məqsədilə icra etdiyi “İRS mobil tətbiqin hazırlanması” layihəsinin əsas icra mərhələsi uğurla başa çatıb.
Crossmedia.az xəbər verir ki, təxminən iki həftə davam edən ekspedisiya çərçivəsində Goranboy, Gədəbəy, Tovuz və Ağstafa rayonlarında genişmiqyaslı fotoçəkilişlər aparılıb. Layihə çərçivəsində bu ərazilərdə yerləşən, dövlət qeydiyyatına alınmış mədəni, tarixi və arxeoloji abidələrin fotoları çəkilib və onların dəqiq coğrafi koordinatları müəyyənləşdirilib. Səfərlər zamanı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin əməkdaşları tərəfindən yaxından dəstək göstərilib və bələdçilik edilib.
Ekspedisiyanın ən diqqətçəkən məqamlarından biri də sadəcə dövlət qeydiyyatında olan abidələrlə kifayətlənilməməsidir. Çəkilişlər zamanı yeni aşkar olunan tarixi obyektlərin və məkanların da fotofiksasiyası həyata keçirilib.
Hazırda əldə edilən bütün vizual materiallar və coğrafi məlumatlar layihənin birinci mərhələsində ərsəyə gətirilmiş irs.gilavar.az veb-saytına yerləşdirilir. Paralel olaraq, istifadəçilərin tarixi irsimizə mobil cihazlar vasitəsilə daha rahat və interaktiv çıxışını təmin edəcək İRS mobil tətbiqinin proqramlaşdırma işləri də yekunlaşmaq üzrədir.
Qeyd edək ki, “İRS mobil tətbiqin hazırlanması” layihəsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xüsusi qrant müsabiqəsi çərçivəsində həyata keçirilir.
12:03 13.05.2026
Oxunuş sayı: 43