Bakı-Brüssel xəttində nə baş verir? - Aİ ilə gərginlik
Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər fonunda baş verən son diplomatik gərginlik rəsmi Bakının prinsipial mövqeyini bir daha ortaya qoyur.
1 may tarixində Avropa İttifaqının Azərbaycandakı səfirinin Xarici İşlər Nazirliyinə çağırılması, xüsusilə Avropa Parlamentinin son qətnaməsinə verilən sərt reaksiya ilə diqqət çəkir və tərəflər arasında siyasi dialoqun həssas mərhələyə daxil olduğunu göstərir.
Görüş zamanı Avropa Parlamentinin qəbul etdiyi sənədin qərəzli və reallıqdan uzaq olduğu vurğulanaraq, bunun Azərbaycan-Aİ münasibətlərinə və regionda sülh prosesinə mənfi təsir göstərdiyi bildirilib.
Rəsmi Bakı bu addımı dövlətlərin suverenliyinə hörmət prinsiplərinə zidd qiymətləndirərək, qarşı tərəfi daha məsuliyyətli və balanslı yanaşmaya çağırıb.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Nigar Arpadarai Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"30 aprel Avropa Parlamenti “Ermənistanda demokratik dayanıqlılığa dəstək” adlı qətnamə qəbul edib və bu sənəddə yenidən anti-Azərbaycan tezisləri yer alıb.
Eyni zamanda, bir gün əvvəl internetdə Luis Moreno Okampo, Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru ilə bağlı videolar yayılıb. O, bu videolarda Aİ institutlarına təsir imkanlarından danışır, oğlu isə Ermənistanın baş naziri Nikol Paşinyanın vəzifədən uzaqlaşdırılmasının zəruriliyini qeyd edir.
Belə bir təəssürat yaranır ki, Okampo və Avropa Parlamenti eyni məntiq çərçivəsində hərəkət edir. Adı “dəstək” olsa da, bu qətnamə ilk növbədə Ermənistanda daxili vəziyyətin sabitliyini pozmağa yönəlib. Formal olaraq “dəstək”dən bəhs edilsə də, mahiyyət etibarilə seçkilər ərəfəsində cəmiyyətin daha da qütbləşməsi üçün şərait yaradılır.
Görünür ki, Okamponu yenidən ön plana çıxaran qüvvələr məhz Ermənistanın öz milli maraqları əsasında, xarici sifarişdən asılı olmadan hərəkət etməsi ilə razılaşmayan qüvvələrdir.
Şübhəsiz ki, bu sənəd həm də anti-Azərbaycan xarakteri daşıyır. Lakin Azərbaycan üçün onun təsiri əhəmiyyətsizdir, Ermənistan üçün bu artıq daxili siyasət amilinə çevrilir.
Bu təşəbbüsün arxasında kim dayanırsa-dayansın, əsas səbəb Avropanın bizim regiona münasibətdə aydın və ardıcıl xarici siyasət strategiyasının olmamasıdır. Məhz buna görə belə təşəbbüslər manipulyasiya predmetinə çevrilir və müxtəlif qüvvələr tərəfindən xarici siyasətdən sui-istifadə olunur".
Elmir Heydərli
12:40 01.05.2026
Oxunuş sayı: 79