Dünya siyasətini dəyişəcək ittifaq yaranır: Türkiyə və Britaniya güclərini birləşdirir
Türkiyənin xarici işlər naziri Hakan Fidan Londona səfəri çərçivəsində britaniyalı həmkarı İvett Kuper ilə görüşüb. Görüş zamanı Türkiyə ilə Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq Çərçivə Sənədi imzalanıb.
Son illər beynəlxalq münasibətlər sistemində yeni geosiyasi yaxınlaşmalar diqqət çəkir. Xüsusilə Türkiyə ilə Böyük Britaniya arasında əlaqələrin intensivləşməsi ekspertlər tərəfindən yeni strateji əməkdaşlığın formalaşması kimi qiymətləndirilir. Həmçinin, bu yaxınlaşma təkcə ikitərəfli münasibətlərlə məhdudlaşmır, eyni zamanda region və qlobal siyasətdə qüvvələr balansına təsir edə biləcək amil kimi çıxış edir.

Politoloq Əhəd Məmmədli Crossmedia.az-a açıqlamasında qeyd edib ki, son illərdə Türkiyə və Britaniya xeyli yaxınlaşmışdır: "Bu strateji çərçivə razılaşması Türkiyə və Britaniyanın gələcəkdə bir yerdə addımlamasının, hansısa məsələlərdə eyni tərəfdə çıxış etməsinin göstəricisi ola bilər. İranla qarşıdurmada Britaniyanın ABŞ-nin yanında olmaması, münaqişədə iştirak etməməsi diqqətçəkən məqamdır. Çünki ilk dəfədir Britaniya ABŞ-nin hərbi əməliyyatında iştirak etmədi. İkinci Dünya Müharibəsindən sonra Britaniya həmişə Vaşinqtonun kiçik tərəfdaşı rolunda çıxış edirdi. Bu dəfə isə görünür ki, Britaniya ABŞ-nin kiçik tərəfdaşı rolundan çıxmaq istəyir. Ümumiyyətlə, illərdir məlumatlar gedir ki, Britaniya artıq Amerikanın kiçik tərəfdaşı olmaq rolundan çıxmaq və özünün yenidən imperialist siyasətini irəli sürmək istəyir".
Ə.Məmmədli əlavə edib ki, bütün bunlar göstərir ki, yaxın gələcəkdə yeni strateji ittifaq yarana bilər: "Ən azı bizim regionda bu, Türkiyə-Britaniya, türk-ingilis, Turan-Anqlo-Saks ittifaqıdır. Bu ittifaq gələcəkdə dünya siyasətini nəzərəçarpacaq dərəcədə dəyişməyə gətirib çıxara bilər. Çünki keçmiş tarixə baxsaq, hər iki dövlət böyük imperiyalara malik olan ölkələrdir. Keçmişdə onlar həm toqquşublar, həm də birlikdə addımlayıblar. Amma yaxın gələcəyi nəzərə alsaq, bu iki tarixi keçmişə malik dövlətin birliyinin yeni tarix yazmasını görə bilərik".
Fatimə
18:48 25.04.2026
Oxunuş sayı: 58