Bakı-Brüssel xətti - enerji və təhlükəsizlik fonunda yeni mərhələ
Avropa İttifaqının Cənubi Qafqaza artan diqqəti fonunda Azərbaycanla münasibətlərin gələcək istiqamətləri yenidən müzakirə mövzusuna çevrilib.
Regional təhlükəsizlik, enerji əməkdaşlığı və post-münaqişə dövründə bərpa prosesləri Aİ-nin gündəliyində xüsusi yer tutur.
Bu kontekstdə tərəflər arasında dialoqun intensivləşdirilməsi və qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdən biri kimi çıxış edir.
Xüsusilə, Qarabağda minatəmizləmə fəaliyyəti beynəlxalq dəstəyin vacibliyini ön plana çıxarır. Rəsmi Bakı tərəfindən edilən çağırışlar fonunda Avropa İttifaqının bu sahədə rolunun artırılması ehtimalı diqqət mərkəzindədir.
Bununla yanaşı, enerji təhlükəsizliyi və iqtisadi əlaqələrin dərinləşdirilməsi də tərəflər arasında strateji tərəfdaşlığın əsas sütunları kimi qiymətləndirilir.
Məsələ ilə bağlı politoloq Zeynal Əmrəliyev Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Azərbaycan ilə Avropa İttifaqı arasındakı münasibətlər hazırda ümumilikdə normal səviyyədə qiymətləndirilə bilər. Bunun əsas səbəblərindən biri Azərbaycanın Avropanın enerji siyasətində mühüm rol oynamasıdır.
Azərbaycan, xüsusilə enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı tərəfdaşlardan biri kimi çıxış edir və bu sahədə Avropaya ciddi töhfələr verir.
Bununla belə, qeyd etmək lazımdır ki, Avropa Komissiyası və digər Avropa institutları bəzən Azərbaycana münasibətdə ikili yanaşma sərgiləyirlər və müəyyən hallarda ölkənin haqlı mövqeyini nəzərə almırlar. Lakin bütün bunlara baxmayaraq, Avropa Komissiyası ilə Azərbaycan arasındakı münasibətlər digər institutlarla müqayisədə daha sabit və konstruktiv xarakter daşıyır.
Bu kontekstdə, Kaya Kallasın üzərinə mühüm vəzifələr düşür. O, eyni zamanda, Azərbaycanın digər Avropa institutları ilə münasibətlərinin yaxşılaşdırılması istiqamətində də təşəbbüslər göstərməlidir.
Konkret olaraq, həmin qurumlara Azərbaycanın Avropa üçün strateji əhəmiyyətə malik tərəfdaş olduğu və daim əməkdaşlıq prinsiplərinə sadiq qaldığı aydın şəkildə izah edilməlidir.
Eyni zamanda, bəzi Avropa institutlarının erməni diasporunun təsiri altında Azərbaycana qarşı qərəzli mövqe sərgilədiyi qeyd olunur. Bu çərçivədə müəyyən siyasətçilərin və diplomatların həmin təsirlər altında qərarlar qəbul etməsi təəssüf doğuran hal kimi qiymətləndirilir. Bu kimi halların aradan qaldırılması üçün Avropa Komissiyası daha fəal və prinsipial mövqe nümayiş etdirməlidir.
Məsələn, Avropa Şurası Parlament Assambleyası Azərbaycana qarşı mövcud qərəzli yanaşmadan imtina etməlidir. Bu baş verdiyi təqdirdə, Azərbaycan Milli Məclisinin nümayəndə heyətinin həmin qurumda fəaliyyətinin bərpası mümkün ola bilər.
Bununla yanaşı, ermənipərəst mövqelərin aradan qaldırılması və nümayəndə heyətimizin mandatının obyektiv şəkildə təsdiqlənməsi vacibdir.
Ümumilikdə hesab olunur ki, Kaya Kallasın əsas fəaliyyət istiqamətlərindən biri Avropa institutları ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına yönəlməlidir. Doğrudur, Avropa Komissiyası, Avropa Şurası Parlament Assambleyası və digər qurumlar fərqli strukturlardır, lakin onların qarşılıqlı əlaqələri mövcuddur və bu əlaqələr vasitəsilə münasibətlərin yaxşılaşdırılması istiqamətində addımlar atmaq mümkündür.
Eyni zamanda, Avropa Komissiyasının bu sahədə atdığı addımlar digər Avropa institutları üçün də nümunə rolunu oynamalıdır. Komissiya rəhbərliyi çalışmalıdır ki, bu qurumlar qərəzli yanaşmalardan imtina etsin və Azərbaycanla münasibətləri daha obyektiv və ədalətli əsasda davam etdirsinlər".
Elmir Heydərli
14:17 24.04.2026
Oxunuş sayı: 1112