Ermənistan-Rusiya münasibətlərində böhran: Alternativ yollar və strateji seçimlər
Ermənistan-Rusiya münasibətləri indiyə qədər ən ciddi böhran mərhələsinə daxil olub. Yerevanda keçirilən "Ermənistan və Rusiya qlobal və regional islahatlar kontekstində" mövzusunda konfransda iki ölkə arasındakı gərginliyin səbəblərinə və mümkün həll yollarına toxunulub. Ermənistanın təhlükəsizlik və strateji tərəfdaşlıq məsələlərində çıxılmaz vəziyyətlə üzləşdiyi vurğulanıb.
Mövzuilə bağlı Crossmedia.az-a danışan politoloq Zeynal Əmrəliyev Ermənistan-Rusiya münasibətlərindəki böhranın köklərinə diqqət çəkərək bildirib ki, bu gərginlik 2018-ci ildə Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra dərinləşib. O, Ermənistanın Qərbə yönələn siyasətinin bu böhranın əsas səbəbi olduğunu vurğulayıb.
Əmrəliyev qeyd edir ki, Ermənistan son illərdə Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi Rusiya yönümlü strukturlardan uzaqlaşmağa çalışır. Bu siyasət, Avropa İttifaqı və NATO ilə daha yaxın əməkdaşlıq səyləri ilə müşayiət olunur. Onun sözlərinə görə, Ermənistan artıq KTMT-də bəzi prosesləri dondurub və Rusiya ilə münasibətlərində ciddi narazılıqlar yaranıb.
“Ermənistanın Qərbə yaxınlaşması Moskvanın regiondakı maraqlarını təhlükəyə atır. Bunun nəticəsi olaraq, iki ölkə rəhbərliyi arasında zaman-zaman açıq mübahisələr müşahidə olunur. Ermənistanın Rusiyadan uzaqlaşması həm təhlükəsizlik sahəsində, həm də iqtisadi əməkdaşlıqda ciddi problemlər yarada bilər,” – deyə Zeynal Əmrəliyev vurğulayıb.
Zeynal Əmrəliyev hesab edir ki, hazırda Rusiya üçün Ermənistanın əsas əhəmiyyəti bölgədə hərbi baza saxlamaqla məhdudlaşır. Həm çar dövründə, həm də Sovet İttifaqı illərində Rusiyaya tabe olan Ermənistan indi də Rusiya üçün bir o qədər vacib strateji müttəfiq sayılmır. Bununla yanaşı, Rusiya üçün Azərbaycan və Türkiyənin əhəmiyyəti Ermənistanla müqayisədə daha çoxdur. Bu vəziyyət Ermənistanın Rusiyaya möhtac olduğunu göstərir və Rusiya bu mövqedən istifadə edərək öz siyasətini daha rahat şəkildə aparır.
Zeynal Əmrəliyevin təhlilinə görə, Ermənistanın Rusiyadan uzaqlaşaraq Qərbə yaxınlaşması regionda yeni geosiyasi reallıqlar formalaşdırır. Ermənistanın hazırkı siyasəti davam edərsə, Rusiya bu proseslərə qarşı sərt addımlar ata bilər. Bununla yanaşı, Ermənistanın təhlükəsizlik məsələlərində Rusiyaya yenidən möhtac olması ehtimalı da yüksəkdir.
Nihat Tahirov
09:48 12.12.2024
Oxunuş sayı: 4980