Dezinformasiya tələsi - Saxta xəbərlərin arxasında kimlər dayanır?
Son günlər informasiya məkanında Azərbaycandan guya Körfəz ölkələrinə raket buraxılması ilə bağlı yayılan iddialar geniş müzakirələrə səbəb olub. Lakin rəsmi mənbələr bu məlumatların həqiqəti əks etdirmədiyini və tamamilə əsassız xarakter daşıdığını bildirir. Mövzu ilə bağlı yayılan xəbərlərin cəmiyyətdə çaşqınlıq yaratdığı bir vaxtda məsələ ilə əlaqədar aydınlıq gətirilib.
MEDİA-nın İnkişafı Agentliyi tərəfindən verilən açıqlamada qeyd olunur ki, bu cür informasiyalar dezinformasiya xarakterlidir və heç bir rəsmi və ya etibarlı mənbəyə əsaslanmır. Bildirilir ki, bəzi platformalarda yayılan bu iddialar ictimai rəyə təsir göstərmək məqsədi daşıyır və informasiya təhlükəsizliyi baxımından diqqətli yanaşma tələb edir.
Qurum vətəndaşları yalnız rəsmi mənbələrə istinad etməyə, təsdiqlənməmiş məlumatları yaymamağa çağırır. Eyni zamanda vurğulanır ki, bu kimi həssas mövzularda yayılan yanlış xəbərlər regionda gərginlik yaratmaq cəhdlərinin tərkib hissəsi ola bilər. Bu səbəbdən informasiya savadlılığı və mənbələrin düzgün seçilməsi hər zamankindən daha vacib hesab olunu r.
Məsələ ilə bağlı Mətbuat Şurasının idarə heyətinin üzvü Hacıbəy Heydərli Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Son illərdə Azərbaycanda media savadlılığı istiqamətində həyata keçirilən layihələr davam etdirilir. Bu layihələrin əsas məqsədi dezinformasiyaya və saxta xəbərlərə qarşı mübarizənin gücləndirilməsi, eyni zamanda sosial şəbəkələrdə yayılan məlumatlara tənqidi və şübhəçi yanaşma vərdişlərinin formalaşdırılmasıdır.
Lakin təəssüf doğuran hal ondan ibarətdir ki, bəzən həm ayrı-ayrı media subyektləri, həm də ictimai nüfuz sahibi olan şəxslər tərəfindən təsdiqlənməmiş məlumatlar paylaşılır. Bu isə nəticə etibarilə dezinformasiyanın və saxta xəbərlərin yayılmasına zəmin yaradır.
Məhz bu səbəbdən Medianın İnkişafı Agentliyi tərəfindən mütəmadi olaraq ictimaiyyətə çağırışlar edilir, vətəndaşlar ayıq-sayıq olmağa, dezinformasiyaya, saxta və “deepfake” tipli məlumatlara inanmamağa dəvət olunur.
Şübhəsiz ki, media subyektləri bu məsələdə xüsusi həssaslıq nümayiş etdirməli, yayılan hər bir məlumatı dəqiqliklə yoxlamalıdırlar. Çünki hər hansı yanlış və ya saxta məlumatın yayılması cəmiyyətdə çaşqınlıq və yanlış təsəvvürlər formalaşdıra bilər.
Eyni zamanda qeyd edilməlidir ki, media savadlılığı layihələrinin uğurla icra olunması nəticəsində son dövrlərdə Azərbaycan media məkanında bu tip halların müəyyən qədər azalması müşahidə olunur.
Bununla yanaşı, Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən bəzi xarici mənbələr, o cümlədən Telegram platformasında fəaliyyət göstərən, mənşəyi məlum olmayan kanallar vasitəsilə ölkəmizlə bağlı dezinformasiyalar yayılır.
Bu cür məlumatlar əsasən müxtəlif ölkələrdən – o cümlədən Rusiya, İran və bəzi Avropa dövlətlərindən idarə olunan informasiya resursları vasitəsilə dövriyyəyə buraxılır.
Məsələn, guya Azərbaycanın hansısa istiqamətə raket zərbəsi endirməsi ilə bağlı yayılan xəbərlər, tamamilə əsassızdır və dezinformasiya xarakteri daşıyır. Bu iddiaların heç bir faktiki əsası yoxdur və məqsəd yalnız ictimai rəyə təsir göstərməkdir.
Azərbaycan rəsmi olaraq dəfələrlə bəyan edib ki, regiondakı hər hansı münaqişədə tərəf deyil və öz ərazisindən başqa ölkələrə qarşı hərbi fəaliyyət həyata keçirilməsi mümkün deyil. Ölkəmiz bu mövqeyinə sadiq qalaraq neytrallığını qoruyub saxlamışdır.
Belə bir şəraitdə Azərbaycana qarşı mənfi informasiya kampaniyası aparan qüvvələr tərəfindən saxta xəbərlərin yayılması davam etdirilir. Bu baxımdan Medianın İnkişafı Agentliyinin operativ reaksiyası, yayılan məlumatların saxta olduğunu vaxtında ictimaiyyətə çatdırması dezinformasiyanın qarşısının alınmasında mühüm rol oynayır.
Nəticə etibarilə, jurnalistlər və media subyektləri bu kimi hallarla qarşılaşdıqda məlumatları mütləq şəkildə yoxlamalı, onların doğruluğunu araşdırmalı və yalnız təsdiqlənmiş informasiyanı ictimaiyyətə təqdim etməlidirlər. Heç bir halda təsdiqlənməmiş xəbərlərin yayılmasına yol verilməməlidir".
Elmir Heydərli
12:17 13.04.2026
Oxunuş sayı: 970