Rusiyanın SSRİ "tamahı" - Tural Abbaslı danışdı
Rusiyada Pravoslav Kilsəsi nümayəndəsinin səsləndirdiyi fikirlər ölkə daxilində və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Belə ki, ötən gün kilsə təmsilçisi SSRİ-nin süqutundan sonra cəmiyyətdə mənəvi dəyərlərin zəiflədiyini və insanların fərqli asılılıqların təsiri altına düşdüyünü bildirib. Bu açıqlama ictimaiyyətdə birmənalı qarşılanmayıb, fərqli mövqelər və mübahisələrə yol açıb. Bəzilərinə görə, bu, Rusiyanın SSRİ "tamahının" göstəricisidir.

Ağ Partiya sədri,siyasətçi Tural Abbaslı Crossmedia.az-a açıqlamasında deyib ki, insanların mənəvi baxımdan dəyərlərinin dəyişməsi, dünyaya baxışlarının dəyişməsi birmənalı olaraq dövlət idarəçiliyinə, idarəçiliyə baxışlarının və davranışlarının dəyişməsinə təsir göstərir: "Bu, birmənalıdır. Bu səbəbdən bir çox ölkələrdə ziyanlı ideya və fikirlərin yayılması ilə mübarizə aparılır. Bu mübarizə hüquqi sahədə aparılır, bəzən də ictimai-siyasi müzakirələrdə həyata keçirilir. Yəni, min illərlə formalaşmış milli-mənəvi dəyərlərin deqradasiyaya uğraması, müasir dəyərsizlik prinsipləri, hedonizm, zövq yönümlü ideyaların yayılması, eqoistlik, yalnız özünü mərkəzdə görən və hər şeyin şəxsə xitab etməli olduğunu, ona xidmət etməli olduğunu təbliğ edən zərərli ideologiyalar yayılır. Bu da həm dövlətə, həm də dövlət-vətəndaş münasibətlərinə müxtəlif formalarda təsir edir.
Məsələn, bu ideyaların təsiri altında bəzi ölkələrdə, baxmayaraq ki, həmin ölkələr vətən müharibəsi aparır, öz əraziləri uğrunda mübarizə aparır, bəzi insanlar çıxıb deyir ki, biz vuruşmuruq, biz niyə torpaq parçasına görə vuruşmalıyıq və yaxud kiməsə görə niyə qan tökməliyik, niyə qanımız tökülməlidir. Azərbaycanda da zaman- zaman oxşar mövqelər olub. Təbii ki, birmənalı olaraq, dövlət onun ərazisində yaşayan insanların idarə olunması və yaşamının təmin olunması üçün qurulur. Yəni, bu baxımdan hər bir dövlət öz milli, mənəvi və dini dəyərlərini qorumaq uğrunda addımlar atmalıdır".
T.Abbaslının sözlərinə görə, biz həm türk, həm müsəlman kimliyimiz üzərində minillərlə atalarımızın, babalarımızın, nənələrimizin qurub-yaratdıqları və bu günə qədər bizə gəlib çatan dəyərlərimizi qoruyub saxlamalıyıq: "Zatən dövlətin qurulma və yaşama səbəblərindən biri də odur ki, insan öz kökündən qorxmasın, öz kökünə bağlı qalsın, müəyyən dəyərləri olsun və o dəyərlər uğrunda yaşasın. Hər bir dövlət də bu istiqamətdə fəaliyyət göstərir, mübarizə aparır və Azərbaycanda da bu aparılmalıdır. Hələ nəzərə alsaq ki, dünyada indi iyrənc ideoloji axınlar var, məsələn, Epşteyn hadisəsi bizə dünyanın hansısa iyrəncliklərə, murdarlıqlara qədər gəlib çatdığını ən bariz nümunədə göstərdi. Qloballaşan dünyada, yəni internet şəbəkəsinin mövcud olduğu bir mühitdə bu murdar ideya və düşüncələrin Azərbaycana çatması və ya burada tərəfdar tapması o qədər də uzun müddət tələb etmir. Bununla bağlı hər bir dövlətin konsepsiyalı yanaşması və proqramı olmalıdır. Həmin istiqamətdə fəaliyyət göstərsin. Əks təqdirdə, dövlətin özünün varlığı belə şübhə altına düşə bilər, nəinki idarəetmə və digər məsələlər".
Fatimə Məmmədova
21:01 07.04.2026
Oxunuş sayı: 55