“İrəvan – Şah Damarımız” adlı tədbir keçirildi
Bu gün “Əbədi Birlik” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “İrəvan – Şah Damarımız” adlı tədbir keçirilib. Tədbirə dövlət nümayəndələri, ictimai birliklərin rəhbərləri, gənclər və digər qonaqlar qatıldı.
Crossmedia.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlayıb. Daha sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş şəhidlərin və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri açıq elan edən “Əbədi Birlik” Gənclər İctimai Birliyinin sədri, beynəlxalq hüquq müdafiəçisi Şahin Əliyev İrəvanın tarixi və Azərbaycanın milli yaddaşında oynadığı roldan danışıb. Daha sonra “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə, Qərbi Azərbaycan İcmasının Qafan rayon şöbəsinin Gənclər Şurasının üzvü Ayşə Abbaslı çıxış edib.
Tədbirin bədii hissəsində qiraətçilər Zəhra Nəcəfzadə və Mələk Şairova İrəvan mövzusunda şeirlər səsləndiriblər. Eyni zamanda Əmir Əli Sərdari İrəvaninin həyatına və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub. Tədbirdə “Bayatı Şiraz” muğamı və İrəvan mövzusunda müxtəlif ifalar dinlənildi.
Xüsusi qonaqlardan biri olan Əmir Əli Sərdari İrəvani çıxışı zamanı İrəvan xanlığının tarixi və onun Azərbaycan üçün əhəmiyyətini vurğulayıb. Tədbirdə, həmçinin Ümummilli Lider Heydər Əliyevin qohumu, “Modern Ailə və İnkişaf” İctimai Birliyinin sədri Zərifə Quliyeva çıxış etdi.
Tədbirin sonunda fəal könüllülərə və xüsusi qonaqlara təşəkkürnamələr təqdim olunub. “İrəvan – Şah Damarımız” adlı tədbir iştirakçılarda böyük vətən sevgisi oyadıb və milli birliyimizin önəmini bir daha vurğuladı.
Təşkilatçılar tədbir iştirakçılarına minnətdarlığını bildirərək, İrəvanın Azərbaycanın tarixi irsi olaraq daim xatirələrdə yaşayacağını qeyd ediblər.
Hazırladı: Emil Bağızadə
Fotolar: Emil Nağızadə
15:04 10.12.2024
Oxunuş sayı: 9393