Moskvanın “İki ay vaxt” şərti - Donbas tələbinin arxasında nə dayanır?
Rusiya rəsmisi Dmitri Peskovun Ukrayna qoşunlarının Donbasdan dərhal çıxarılması ilə bağlı səsləndirdiyi tələb, müharibənin beşinci ilində tərəflər arasındakı strateji çıxılmaz nöqtəni bir daha nümayiş etdirir.
Moskvanın "iki aylıq vaxt" limitini şantaj dili ilə təqdim etməsi, əslində cəbhədəki canlı qüvvə itkilərini ört-basdır etmək cəhdi kimi qiymətləndirilir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında politoloq Əhəd Məmmədli bildirib ki, bu ssenari hazırkı şərtlər daxilində real görünmür:
"Putin müharibəni başlayanda düşünürdü ki, üç-beş günə bitirəcək. Sonra müxtəlif şərtlər – demilitarizasiya, denasifikasiya kimi tələblər irəli sürdü, amma heç biri reallaşmadı. İndi isə hədəfi daraldaraq Donbas məsələsinə fokuslanıb".

Politoloqun sözlərinə görə, Moskvanın bu tələbi daha çox siyasi təzyiq aləti kimi qiymətləndirilməlidir:
"Rusiya faktiki olaraq Ukraynaya "Donbasdan çıxın, bunun müqabilində şərəfli sülh əldə edərsiniz" mesajı verir. Hətta müəyyən vaxt çərçivəsi də qoyulur, lakin bu müddətdən sonra nə baş verəcəyi konkret deyil".
Onun sözlərinə görə, Rusiya indiyədək Ukrayna Silahlı Qüvvələrinin müqavimətini qıra bilməyib:
"Beş ilə yaxındır ki, bu müqaviməti sındıra bilmirlər. Əgər bunu edə bilsəydilər, artıq etmişdilər. Mövcud vəziyyət göstərir ki, bu, asan deyil".
Əhəd Məmmədli müasir müharibə reallıqlarının da bu prosesə ciddi təsir etdiyini vurğulayıb:
"Rusiya uzun müddət "kəmiyyət üstünlüyü" ilə nəticə əldə edəcəyini düşünürdü. Lakin müasir müharibə artıq fərqlidir – burada dron texnologiyaları həlledici rol oynayır. Ukrayna bu üstünlüyü balanslaşdırmaq üçün dronlardan effektiv istifadə edir.
Ukrayna canlı qüvvədə geri qaldığı üçün texnologiya ilə bunu kompensasiya edir. Kəşfiyyat məlumatlarına əsaslanaraq toplanmış qüvvələri dronlarla hədəf alır və beləliklə, həm itkiləri azaldır, həm də müdafiəni effektiv qurur".
Ə. Məmmədli hesab edir ki, Donbasdan könüllü çıxış yalnız ekstremal ssenaridə mümkün ola bilər:
"Bu yalnız o halda real ola bilər ki, Rusiya hərbi yolla Ukrayna qüvvələrini tam sıxışdırıb çıxarsın. Amma hazırda bunun üçün yetərli nəticə əldə edə bilməyiblər".
Nigar Yahyazadə
09:30 03.04.2026
Oxunuş sayı: 116