Rəqəmsallaşma yeni imkanlar yaradır - Ekspert
Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov İstanbulda keçirilən Strateji Kommunikasiya Sammitindəki çıxışı zamanı deyib ki, Azərbaycanda rəqəmsal inkişaf son illərdə dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri kimi müəyyən edilib.
"Rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində prioritet istiqamətlərin müəyyənləşdirilməsi, milli texnoloji potensialın gücləndirilməsi, rəqəmsal suverenliyin möhkəmləndirilməsi, innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi, həmçinin bu sahədə dövlət siyasətinin vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi xüsusi diqqət mərkəzində saxlanılır.
Bu istiqamətdə həyata keçirilən tədbirlər rəqəmsal transformasiyanın genişləndirilməsinə və cəmiyyətin rəqəmsal imkanlardan daha səmərəli istifadəsinə xidmət edir", - o əlavə edib.
Müasir dövrdə rəqəmsal transformasiya dövlətlərin inkişaf strategiyasında əsas istiqamətlərdən birinə çevrilmişdir. Azərbaycan da bu qlobal tendensiyaya uyğun olaraq rəqəmsallaşmanı, innovasiya və texnoloji inkişafı prioritet sahə kimi müəyyənləşdirərək, iqtisadiyyatın və idarəetmənin yeni mərhələyə keçidini hədəfləyir. Bu yanaşma ölkədə dayanıqlı inkişafın təmin olunması və rəqabət qabiliyyətinin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Əhməd İsmayılov tərəfindən səsləndirilən fikirlər də göstərir ki, rəqəmsal inkişaf yalnız texnoloji yeniliklərlə məhdudlaşmır, eyni zamanda dövlət siyasətinin sistemli və koordinasiyalı şəkildə həyata keçirilməsini tələb edir. Bu kontekstdə elektron hökumət, süni intellekt və innovasiya əsaslı yanaşmalar ölkənin strateji hədəflərinin mərkəzində dayanır.
Beləliklə, həyata keçirilən tədbirlər və müəyyən edilən prioritetlər Azərbaycanın rəqəmsal gələcəyinin formalaşdırılmasına, milli texnoloji potensialın gücləndirilməsinə və cəmiyyətin yeni imkanlardan daha səmərəli istifadə etməsinə xidmət edir. Bu istiqamətdə atılan addımlar ölkənin qlobal rəqəmsal mühitdə mövqeyini daha da möhkəmləndirməyə yönəlib.
Məsələ ilə bağlı media üzrə ekspert Nəmənd Rüstəmov Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Əhməd İsmayılovun qaldırdığı məsələ – Azərbaycanın rəqəmsallaşmaya yönəlməsi və bu istiqamətin prioritet elan olunması – əslində uzun illərdir ölkə rəhbərliyinin əsas strateji xəttini təşkil edir. Bu siyasət İlham Əliyev tərəfindən həyata keçirilən daxili və xarici siyasətin mühüm istiqamətlərindən biridir və bu sahədə həm açıq, həm də qismən məxfi xarakterli çoxsaylı işlər görülüb. Bu siyasətin nəticələrini biz xüsusilə 44 günlük Vətən müharibəsi dövründə aydın şəkildə müşahidə etdik. Azərbaycan bu gün dünyada rəqəmsal və yüksək texnoloji imkanlara malik nadir dövlətlərdən biri kimi çıxış edir və bunun praktiki faydaları konkret nəticələrlə sübut olunub. Rəqəmsal inkişaf istiqamətində həyata keçirilən tədbirlər uzun illər ərzində müxtəlif dövlət qurumları tərəfindən davamlı şəkildə icra olunub. Əsas prioritetlərdən biri ölkə ərazisində yerüstü rəqəmsal yayımın, həmçinin internet üzərindən audio-vizual kontentin fasiləsiz və keyfiyyətli şəkildə təmin olunması idi. Azərbaycanın mürəkkəb coğrafi relyefi nəzərə alınaraq, siqnalların çətin çatdığı bölgələrdə ötürücü infrastrukturun qurulması istiqamətində mühüm işlər görülüb. Bununla yanaşı, əhalinin geniş şəkildə internetləşdirilməsi də dövlət siyasətinin əsas hədəflərindən biri olub".

O bildirib ki, rəqəmsallaşma müasir dünyanın əsas tələblərindən biridir: "Bu proses informasiyanın daha sürətli əldə olunmasına, ötürülməsinə və emalına imkan yaradır. Eyni zamanda, rəqəmsal mühit yeni təhlükəsizlik çağırışlarını da gündəmə gətirir – informasiyanın qorunması, kiber təhdidlərin qarşısının alınması və informasiya təhlükəsizliyinin təmin olunması bu sahədə əsas prioritetlərdəndir. Televiziya və radio yayımının rəqəmsallaşdırılması mərhələli şəkildə həyata keçirilib. Xüsusilə 2015–2019-cu illərdə bu istiqamətdə əsaslı addımlar atılıb və ölkə üzrə televiziya yayımının yüksək keyfiyyətli – HD formatına keçirilməsi təmin olunub. 2020-ci illərin əvvəllərindən etibarən bu proses faktiki olaraq tamamlanıb. Burada mühüm məqamlardan biri odur ki, audio-vizual kontentin istehsalı və yayımı arasında texnoloji uyğunluq təmin olunmalıdır. Yəni rəqəmsal keyfiyyətdə hazırlanmış kontentin analog vasitələrlə yayılması və ya əksinə, analog istehsalın rəqəmsal yayım formatına keçirilməsi gözlənilən nəticəni vermir. Rəqəmsal yayımın üstünlüyü məhz yüksək keyfiyyətli və operativ informasiya ötürülməsi imkanında özünü göstərir. Hazırda televiziya yayımı tam şəkildə rəqəmsallaşdırılıb və yüksək keyfiyyətli siqnalların ötürülməsi təmin edilir. Radio yayımının rəqəmsallaşdırılması isə hələ də davam edir. Bu sahədə müəyyən texniki və infrastruktur problemləri mövcuddur. Xüsusilə köhnə tipli radio qəbulediciləri və avtomobillərdə quraşdırılmış cihazlar yeni rəqəmsal siqnalları qəbul etməkdə çətinlik yaradır".
N.Rüstəmov əlavə edib ki, proses mərhələli şəkildə həyata keçirilir və vətəndaşlara yeni texnologiyalara uyğunlaşmaq üçün vaxt verilir: "Eyni zamanda, 2026–2027-ci illərə qədər ölkə üzrə rəqəmsal radio yayımına tam keçidin təmin olunması hədəflənir. Nəticə etibarilə, rəqəmsallaşma Azərbaycana yeni imkanlar açır. Bu, ölkə daxilində informasiyanın daha sürətli yayılmasına, regionlar arasında əlaqələrin güclənməsinə və Azərbaycanın beynəlxalq informasiya məkanında mövqeyinin möhkəmlənməsinə xidmət edir. Hazırda internetləşmə səviyyəsi baxımından Azərbaycan geri qalan ölkələr sırasında deyil, lakin qarşıda duran əsas vəzifələrdən biri internet sürətinin və yayım keyfiyyətinin daha da artırılmasıdır. Bu istiqamətdə texniki problemlər aradan qaldırıldıqca, rəqəmsal mühitin imkanları daha da genişlənəcək və ölkənin inkişafına əlavə töhfələr verəcək".
Elmir Heydərli
12:36 30.03.2026
Oxunuş sayı: 56