Yaxın Şərqdə müharibə üçüncü dünya savaşına aparır - Təhlil
ABŞ Prezidenti Donald Tramp prezident təyyarəsinin göyərtəsində jurnalistlərə bildirib ki, Vaşinqton hazırda İrana qarşı hərbi əməliyyatın başa çatmasını bəyan etməyə hazır deyil.
"Mən hələlik bunun bitdiyini elan etmirəm", - deyə o qeyd edib və əlavə edib ki, Tehran danışıqlara hazır deyil.
Ağ Ev rəhbəri həmçinin bildirib ki, Vaşinqton Hörmüz boğazı da daxil olmaqla, strateji əhəmiyyətli boğazlarda birgə patrul təşkil etmək imkanları barədə yeddi ölkə ilə məsləhətləşmələr aparır.
"Biz boğazlarda patrul təşkili ilə bağlı digər ölkələrlə danışıqlar aparırıq", - o vurğulayıb.
Bundan əvvəl Tramp Hörmüz boğazında kömək etməkdən imtina edəcəkləri təqdirdə, NATO ölkələrini "çox pis gələcək"lə təhdid etmişdi.
Məlum olduğu kimi, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.
İranın xarici işlər naziri Abbas Əraqçi daha əvvəl deyib ki, İran ABŞ ilə danışıqlara başlamaq üçün hər hansı ciddi səbəb görmür.
İndiyədək Tramp savaşın məqsədini bir neçə dəfə fərqli formada izah edib. Məqsədin nə olmasından asılı olmayaraq, görünən odur ki, Vaşinqton ən azı indiki mərhələdə kompromisə getmək istəmir.
ABŞ uzun müddətdir çalışır ki, İran nüvə silahına sahib olmasın. 2025-ci ilin iyununda İsraillə İran arasında baş tutan 12 günlük savaşdan əvvəl Vaşinqton və Tehran kompromisə çox yaxın idi. Lakin Təl-Əviv buna mane oldu. Çünki belə bir razılaşma İsrailə sərf etmirdi.
Bu dəfəki müharibədən əvvəl də tərəflər nüvə dosyesi ilə bağlı müzakirələri davam etdirirdilər. ABŞ tələb edirdi ki, İran iddiasından əl çəksin. Lakin bu, olmadı.
İranda mərhum ali dini lider Seyid Əli Xamneyinin öldürülməsi hələ o demək deyil ki, ABŞ məqsədinə çatıb. Rejimin başına onun oğlu Müctəba Xamneyi gəldi.
Seyid Əli Xamneyi əslində istədiyinə nail oldu. O, inandığı ideologiya uğrunda düşmən tərəfindən öldürüldü. Bu, daxildə rejimə dəstəyi artıra bilər.
İkinci bir tərəfdən isə hətta hazırkı rejim dəyişməsə belə, daha əvvəlki qədər mühafizəkar olmayacaq. Rejim müəyyən qədər islahatçı davranacaq. Bu, öz təsirini Cənubi Azərbaycan məsələsində də göstərəcək. Hətta hazırkı qarışıq vəziyyətə baxmayaraq, gələcəkdə İranla Azərbaycan və Türkiyə arasında münasibətlər tamamilə yeni mərhələyə daxil ola bilər.
İsrail və ABŞ-nin qalib olduğunu demək çətindir. Ən azından indilik. Nəzərə almaq lazımdır ki, İsrailin məşhurluğu ilə ad çıxaran "Dəmir qübbəsi" xeyli ziyan görüb. İran isə Hörmüz boğazının bağlanması ilə ABŞ-ni hədələyir. Deməli, bu, hələ qalibiyyət deyil.
Fikrimcə, müharibə hələ bir müddət davaç edəcək. Ən azından ona görə ki, hələlik hər iki tərəf müqavimət göstərir və hansısa konsensus müzakirə mövzusu deyil.
Sözsüz ki, davam edən proseslərdə İsrailin rolunu xüsusilə nəzərə almaq lazımdır. İsrail müharibənin davam etməsində və bütövlükdə gərginlikdə maraqlıdır. Ona görə də sağa- sola hücum edir. Məsələ burasındadır ki, baş nazir Benyamin Netenyahu hakimiyyətinin davamlılığının müharibələrdən asılı olduğunu və xalqın onu devirmək üçün fürsət axtardığını bilir. Hər halda Qəzzada olanlardan sonra Netenyahu təkcə beynəlxalq imicini itirmədi, həm də antipatiya və nifrət qazandı. Beləliklə, o, müharibənin başa çatmaması üçün əlindən gələni edəcək.
İkinci bir tərəfdən ərəb öıkələri açıq şəkildə müharibəyə qoşula bilər.
Ümumiyyətlə, hazırkı mənzərə və səsləndirilən bəyanatlar belə düşünməyə əsas verir ki, müharibə yaxın zamanda bitməyəcək. Əksinə, getdikcə genişlənməsi və üçüncü dünya müharibəsinə çevrilməsi mümkündür.
10:55 16.03.2026
Oxunuş sayı: 51