Həyat...
...Qəfil nə isə olur, duruxursan. Səbəbini özün də düz əməlli başa düşmədən qaçhaqovunu dayandırırsan. Düşünürsən ki, bu qədər iş- güc, dünyaya meydan oxumaq cəhdi mənasızdır. Süstləşirsən. Sonra birdən xatirəndə nə isə canlanır: bu, hələ heç nədir. Ümumiyyətlə, heç nə. Sən nələr görməmisən, hansı çətinliklərdən keçməmisən ki? İndiyə kimi qarşılaşdığın sınaqları, itirdiklərini xatırlayırsan? Hansı birində yıxıldın? Bəlkə də, yıxıldın. Amma sonra qalxmağı da bacardın. Eyni ilə rinqdə ağır zərbə alaraq yıxılan amma hakim ona qədər saymağa macal tapmadan ayağa qalxan, rəqibin üzərinə daha sərt gedən boksçular kimi. Ya da bəzən ürəyinin yerindən çıxacağını hiss etsə də, dayanmadan qaçan atletlər kimi.
Əlbəttə, həyat amansızdır. Xüsusilə də emosional adamlar üçün. Məşhur alman şairi və dövlət xadimi Yohann Volfqanq Hötenin dediyi kimi, həyat həssas qəlblər üçün cəhənnəmdir. Məsələ bu cəhənnəmə düşməmək yox, orada mübarizə aparmaq, "qaynar qazan"la oynaya bilməkdədir.
Həyat insanı həmişə zəif yerindən vurur. Xain adamlar kimi davranır. Elə ki ona ürəyimizi boşaldırıq, onunla səmimi oluruq bizi peşman etmək üçün gecikmir. Bəzən də elə davranır ki, sanki elə bunu gözləyirmiş...
İnsan bəzən özünü günahlandırır. Özü özünə "niyə?" sualını verir. Doğrudan da, niyə? Niyə həyat ancaq həssas qəlbliləri seçir? Ya da niyə həssas qəlblilərə daha çoz zərbə vurur. Burada nə var ki? Günah bizdədir. Deməli, zəif olmamalısan. Zəifliklərini göstərməməlisən.
Xatırlayırsan...İndiyə qədər qaşların nə qədər düyünlənib? Yumruğunu nə qədər sıxmısan? Sözlərin neçə dəfə boğazında düyünlənib qalıb? Çox.
Neçə dəfə indi özünə verdiyin bu suallar barədə düşünmüsən? Neçə dəfə özün - özünə söz vermisən ki, daha heç nə üçün gözləməyəcəksən, bundan sonra daha cəsarətli olacaqsan, həyata uduzmayacaqsan? Yenə çox.
Həyata uduzmaq. Maraqlı ifadədir. Doğrudan da, görəsən, heç ona qalib gələn olub? Ümumiyyətlə, həyata qalib gəlmək nücə olur? Yəqin ki, bu, ondan heç nə ummamaqdan, amma hər şey gözləməkdən başlayır. Qalanına Allah kərimdir...
Kənan Novruzov
12:41 03.03.2026
Oxunuş sayı: 550