Müharibə Ukrayna- Belarus münasibətlərini necə dəyişdi? - Politoloq
Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsindən sonra regionda siyasi münasibətlər yeni və mürəkkəb mərhələyə qədəm qoyub. Xüsusilə müharibənin təsirləri yalnız döyüş meydanı ilə məhdudlaşmır, eyni zamanda qonşu ölkələr arasındakı diplomatik əlaqələrə də ciddi şəkildə sirayət edir. Şərqi Avropa məkanında baş verən proseslər beynəlxalq gündəmdə diqqətlə izlənilir və müxtəlif siyasi şərhlərə səbəb olur. Bu kontekstdə Ukraynanın regional siyasəti və qonşu dövlətlərlə münasibətləri xüsusi maraq doğurur.

Politoloq Əhəd Məmmədli mövcud vəziyyətlə bağlı Crossmedia.az-a açıqlama verib: “Rusiyanın Ukraynaya hücumundan sonra Kiyev- Minsk münasibətləri daha da gərginləşdi. Bu gərginlik Belarusda baş verən seçkilərdən sonra daha da artdı və bu, gözlənilən idi. Daha sonra Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın dəstəyi ilə müxalifəti neytrallaşdırdı. Həmin dövrdə namizədliyini irəli sürən şəxslərə dəstək verilmirdi. Məhz bu dəstəyin, yəni Lukaşenkoya göstərilən həm Belarus, həm də Rusiya dəstəyinin hesabına o, qalib gəldi. Nəticədə Lukaşenko Rusiyanın tam təsiri altına düşdü və istər-istəməz Ukrayna–Belarus münasibətlərində soyuqluq yarandı”.
Politoloq qeyd edib ki, müharibənin başlamasından sonra Ukrayna ilə Belarus arasında vəziyyət daha da gərginləşib: “Çünki Belarus faktiki olaraq Rusiyanın açıq tərəfdaşına çevrildi. Düzdür, Belarus birbaşa Rusiyanın yanında Ukraynaya qarşı müharibəyə qoşulmadı. Bu məsələdə Lukaşenko ehtiyatlı davranır. Amma bütün bunlar münasibətlərin gərginləşməsinə səbəb oldu və Lukaşenkonun ailəsinə qarşı Ukrayna lideri Volodimir Zelenski tərəfindən sanksiyalar və digər addımlar atıldı. Bu da onu göstərir ki, Ukrayna–Belarus münasibətlərində gərginlik artan xətt üzrə davam edir. Təbii ki, bu çərçivədə Zelenski müəyyən müstəqil addımlar atır. Məsələn, Qərblə koordinasiyalı şəkildə qərarlar verir. Eyni zamanda Lukaşenko da müstəqil addımlar atmır və Rusiya ilə birgə qərarlar qəbul edir".
Ə.Məmmədli qeyd olunan addımların Belarus xalqına yönəlmədiyini vurğulayıb: " Ümumilikdə Zelenskinin addımları Belarus xalqına deyil, Lukaşenkonun ailəsinə və onun hakimiyyətinə qarşı yönəlib. Çünki Belarus xalqı arasında Lukaşenko hakimiyyətindən narazı olan kifayət qədər geniş kütlə mövcuddur. Bu, istər-istəməz Zelenskinin özünü Belarus xalqının deyil, Belarus dövlətinin Lukaşenko timsalında qarşısında görməsi deməkdir, yəni məsələ dövlətlərarası müstəvidə aparılır. Hazırda "körpülər yandırıldıqdan" sonra atılan bu cür addımlar onsuz da normal olmayan münasibətləri ən azı mövcud vəziyyətdə saxlayır. Belarus bu proseslərdən ciddi itki yaşamayacaq. Çünki artıq hər kəs seçimlərinin nəticəsini bilir və qarşısına çıxa biləcək riskləri dərk edir. Amma əgər Rusiya ilə atəşkəs müqaviləsi imzalansa və Ukrayna ilə Belarus arasında hakimiyyət faktorları dəyişsə, Ukrayna–Belarus münasibətləri yenidən qurula və əvvəlki münasibətlər səviyyəsinə qayıda bilər”.
Fatimə Məmmədova
14:43 02.03.2026
Oxunuş sayı: 746