Ukraynanın bu ritorikası Macarıstanı narahat edir - Nə baş verəcək?
Macarıstanın Baş naziri Viktor Orban Ukrayna ilə münasibətlərdə gərginliyi bir daha ortaya qoyub. O, Ukrayna Prezidenti Volodimir Zelenskiyə açıq məktub göndərərək “Drujba” neft kəmərinin işə salınmasını tələb edib. Məktubda Orban Kiyevin Macarıstanın enerji təhlükəsizliyini təhdid etdiyini vurğulayıb. Eyni zamanda, gələcək seçkilərə müdaxilə iddialarına da toxunub. Bu addım iki ölkə arasındakı münasibətlərin yenidən beynəlxalq diqqət mərkəzinə gəlməsinə səbəb olub.

Məsələ ilə bağlı siyasi şərhçi Zeynal Əmrəliyev Crossmedia.az-a danışıb.
Onun sözlərinə görə, Orbanın açıqlaması bir daha Macarıstanın Ukraynaya qarşı mövqeyini açıq şəkildə ortaya qoyur və göstərir ki, rəsmi Budapeşt Ukrayna rəhbərliyi ilə dil tapmaq istəmir: "Daha əvvəl də görünürdü ki, Orban hökumətinin əsas məqsədi məhz Rusiya ilə əlaqələri korlamamaqdır. Ukrayna müharibəsi başladıqdan sonra və Avropa İttifaqı ilə Rusiyanın münasibətləri kəskinləşdikdən sonra Macarıstan, hər nə qədər ittifaqın üzvü olsa da, daha çox Rusiyaya yaxın siyasət aparır və çalışır ki, Moskva ilə ipləri yandırmasın. Bu isə istər-istəməz Macarıstanın digər ölkələrdən fərqlənməsinə səbəb olur. Viktor Orbanın Zelenskinin Macarıstanda seçkilərə müdaxilə etməkdə ittiham etməsi tamamilə başqa bir macəradan xəbər verir. Bir daha göstərir ki, Macarıstan hökumətinin daxilində Ukraynaya qarşı patoloji bir nifrət və aqressiya var".
Politoloq həmçinin bildirib ki, "Drujba" neft kəməri Macarıstanın enerji təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir: "Ukrayna "Drujba" neft kəməri vasitəsilə Macarıstanı öz tərəfinə çəkmək üçün təzyiqlər göstərirdi. Digər Avropa ölkələrində olduğu kimi, Macarıstanda da Ukrayna müharibəsi başladıqdan sonra enerji təhlükəsizliyində ciddi problemlər var. Bu problemi yoluna qoymaq üçün belə əhəmiyyətli tədbirlər görülməlidir. Ancaq bu tədbirlər görünür ki, Orbanı narahat edir. Ona görə də Ukraynaya qarşı sərt açıqlamalarla çıxış edib. Fikrimcə, tərəflər arasındakı soyuq münasibətlər müharibə bitənə qədər davam edəcək".
Fatimə Məmmədova
14:06 02.03.2026
Oxunuş sayı: 745