Zelenski və Zalujnı qarşı- qarşıya: Ukrayna daxili siyasətində nə baş verir?
Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Böyük Britaniyadakı səfiri Valeri Zalujnı tərəfindən səsləndirilən tənqidlərə münasibət bildirib. Zelenski Almaniyanın "Tagesschau" nəşrinə müsahibəsində müharibə dövründə siyasi müzakirələrə qarışmaq niyyətində olmadığını vurğulayaraq, hazırda əsas prioritetin siyasət deyil, ölkənin müdafiəsi olduğunu qeyd edib.
Səfir Zalujnının açıqlamaları fonunda seçki kampaniyalarının başlanması ilə bağlı suallara cavab verən dövlət başçısı məsələnin birbaşa səfirə ünvanlanmasını tövsiyə edib. Bu hadisə Zelenski ilə diplomatik nümayəndələri arasında açıq tənqid elementlərinin müşahidə olunduğu nadir hallardan biri kimi diqqət çəkir.
Mövzu ilə bağlı siyasi şərhçi Nigar Allahverdiyeva Crossmedia.az-a bildirib ki, müharibə şəraitində siyasi sistemlər dayanmaq əvəzinə transformasiyaya uğrayır:
“Belə dövrlərdə hakimiyyət daha mərkəzləşmiş xarakter alır, legitimlik məsələsi isə daha həssas müstəviyə keçir. Zelenskinin siyasi polemikaya qoşulmamaq mövqeyi klassik "müharibə liderliyi modeli" çərçivəsində izah oluna bilər. Yəni Ali Baş Komandanın özünü gündəlik siyasi debatların üzərində saxlamaq cəhdi kimi qiymətləndirilə bilər. Bu, həm daxili auditoriyaya sabitlik mesajıdır, həm də beynəlxalq tərəfdaşlara idarəetmədə parçalanma olmadığını göstərmək məqsədi daşıyır”.
Şərhçinin sözlərinə görə, Zalujnının açıq tənqidi müharibənin uzanması fonunda yeni siyasi dinamikanın formalaşdığını göstərir: “Tarixi təcrübə göstərir ki, yüksək ictimai etimada malik hərbi fiqurlar uzunmüddətli münaqişələr zamanı siyasi çəkisi olan aktorlara çevrilə bilirlər. Bu, avtomatik qarşıdurma demək deyil, lakin potensial siyasi alternativlərin yaranması anlamına gəlir. Burada əsas məsələ hərbi legitimliklə siyasi legitimlik arasında balansın necə qorunacağıdır. Ölkədaxili siyasət baxımından əsas sual fikir ayrılığının institusional çərçivədə qalacağı, yoxsa fərdi legitimliklərin toqquşmasına çevriləcəyi ilə bağlıdır. Əgər proses idarəolunan diskussiya səviyyəsində qalarsa, bu, Ukraynanın demokratik sisteminin davamlılığını göstərə bilər. Lakin fərqli legitimlik mərkəzləri arasında açıq rəqabət yaranarsa, bu, müharibə şəraitində siyasi sabitlik üçün risk faktoru ola bilər.Diplomatik müstəvidə isə məsələ daha həssas qiymətləndirilir. Ukraynanın təhlükəsizlik və maliyyə dayanıqlılığı böyük ölçüdə Qərb dəstəyindən asılıdır və xarici tərəfdaşlar üçün əsas indikator daxili siyasi koordinasiyadır".
Ekspertin fikrincə, Zelenskinin açıq qarşıdurmadan yayınması beynəlxalq aktorlara “idarəetmənin nəzarətdə olduğu” mesajını verməyə hesablanıb.
Mehriban Yariyeva
12:57 27.02.2026
Oxunuş sayı: 674