Rusiya-Ukrayna müharibəsinin taleyi hansı qüvvələrdən asılıdır? - Açıqlandı
Ukraynada artıq dördüncü ilini keçən müharibə fonunda cəbhədə vəziyyətin “dalan”a dirənməsi barədə fikirlər getdikcə daha çox səslənir. Lakin Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Oleksandr Sırski bu yanaşmanı qəbul etmir və bildirir ki, döyüş əməliyyatları hələ strateji çıxılmaz mərhələyə çatmayıb. Onun sözlərinə görə, cəbhədəki çətinliklərə baxmayaraq, Ukraynanın həm müdafiə, həm də əks-hücum potensialı qorunur. Bu isə əsas sualı gündəmə gətirir: doğrudanmı müharibə dalana dirənməyib, yoxsa tərəflərin tükənmə müharibəsi Ukraynanın manevr imkanlarını getdikcə məhdudlaşdırır?
Mövzu ilə bağlı siyasi şərhçi Aydın Quliyev Crossmedia.az-a açıqlama verib:

"Ukraynada müharibə tam dalana dirənməsə də, proseslərin irəliyə doğru aydın və konkret perspektivinin görünmədiyi müşahidə olunur. Qarşıdakı dövrdə nə baş verəcəyi ilə bağlı suallar açıq qalır. Sülh perspektivləri üçün imkanların geniş olmadığı, tərəflərin mövqelərinin isə tam şəkildə üst-üstə düşmədiyi görünür. Müharibənin davam etdirilməsi isə hər iki tərəfin böyük itkilər verməsinə, cəmiyyətlərin müharibədən yorulmasına və ölkələrin iqtisadiyyatlarının ciddi zərər görməsinə baxmayaraq, hələ də real ssenari kimi qalır. Bununla belə, müharibənin davamı ilə bağlı perspektivlər barədə qəti fikir söyləmək də asan deyil. Başqa sözlə, vəziyyət tam dalan xarakteri daşımır, lakin irəliyə doğru hərəkətin də ciddi perspektivləri müşahidə olunmur. Bu səbəbdən Ukraynada müharibənin sona çatdırılması daha çox bu münaqişədə qərarverici rola malik böyük güclərdən asılıdır".
Politoloq qeyd edib ki, burada Avropa dövlətləri, ABŞ və Rusiya əsas aktorlar kimi çıxış edir:
"Mövcud şəraitdə Rusiya Avropa Birliyinin vahid və konkret qərar qəbul etməkdə çətinlik çəkməsinə arxayın görünür. Avropa Birliyi daxilində Rusiyaya qarşı nəzərdə tutulan 20-ci sanksiyalar paketi ilə bağlı fikir ayrılıqları mövcuddur və faktiki olaraq bu paketinin qəbul olunması prosesində ləngimə müşahidə edilir. Birlik daxilində bəzi ölkələr — Slovakiya və Macarıstan kimi dövlətlər — Ukrayna məsələsində fərqli mövqe nümayiş etdirirlər. Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi və silah təminatı məsələsində də Avropa dövlətləri arasında hələlik konkret və yekdil qərar yoxdur. Ukraynaya 2028-ci ilə qədər 90 milyard avro həcmində hərbi yardım göstərilməsi ilə bağlı ümumi qərar mövcud olsa da, bunun praktik icrası istiqamətində real addımların atılması müşahidə edilmir. Faktiki olaraq Avropa Birliyinin müəyyən mənada prosesdən kənara çəkildiyi və Ukraynanı ərazi güzəştlərinə, hətta qismən təslimçilik elementləri ehtiva edən razılaşmaya sövq etməyə çalışdığı barədə fikirlər səsləndirilir. Rusiya isə Avropa daxilində vahid mövqenin olmamasına arxayın görünür. Bununla yanaşı, Rusiyanın özü də ağır sanksiyalar altında olduğundan, bir tərəfdən müharibənin yükü, digər tərəfdən iqtisadi təzyiqlər ölkəni ciddi şəkildə zəiflədir. Belə bir şəraitdə müharibənin taleyinin nə danışıqlar masasında, nə də hərbi meydanda qısa müddətdə həll olunması perspektivi böyük görünmür. Nəticə etibarilə, proseslərin inkişafı və münaqişənin gələcək taleyi birbaşa müharibədə iştirak edən tərəflərin daxili siyasi, hərbi və iqtisadi imkanlarından, eləcə də böyük güclərin mövqeyindən asılı olaraq formalaşacaq".
Ayhan
11:10 25.02.2026
Oxunuş sayı: 587