Belarus müharibəyə hazırlaşır - Təhdid var
Belarusun hərbi hazırlıqları və çağırış sistemi son vaxtlar diqqət mərkəzindədir. Ölkə Rusiyanın müttəfiqi olaraq bölgədəki təhlükələrə qarşı mövqeyini gücləndirməyə çalışır. Bu addımlar həm Ukrayna-Rusiya müharibəsi, həm də Avropa və Qərb ilə əlaqəli potensial gərginliklərlə bağlıdır. Belarusun müdafiə siyasəti və ordusunun gücləndirilməsi, regiondakı balansı qorumağa xidmət edir.
Mövzu ilə bağlı hərbi ekspert İbrahim Rüstəmli Crossmedia.az-a açıqlama verib. Onun sözlərinə görə, hər şeydən öncə mövqelərə aydınlıq gətirmək vacibdir:
"Belarus müstəqil bir dövlət olaraq Rusiyanın ən yaxın və etibarlı müttəfiqlərindən biridir.

Görünən odur ki, Belarus prezidenti ilə Rusiya prezidenti arasında isti münasibətlər var və bu münasibətlərin arxasında ciddi siyasi məqamlar dayanır. Belarus Rusiyanın müttəfiqi kimi Qərbdən və Avropadan gələn hər hansı hərbi təcavüzə yaxud Ukrayna-Rusiya müharibəsində eskalasiya üçün hazır olmalıdır. Belə ki, Belarusun adı müharibədə dəfələrlə hallanıb, ərazisindən istifadə məsələsi barədə məlumatlar paylaşılıb".
Ekspert ölkənin çağırışlar elan etməsini, hərbi xidmət müddətinin artırılması qərarlarını təbii qarşıladığını bildirib:
"Bu qərarlar Rusiyanın müttəfiqi kimi onun öhdəsinə götürdüyü vəzifələrin yerinə yetirilməsinə söykənir. Əgər o Rusiyanın müttəfiqi çıxsa, Rusiyayla bağlı siyasi tələbləri də yerinə yetirməlidir. Yəni, onun mövqeyini qorumağa borcu var. Həmçinin, Belarusda aparılan çağırış kampaniyası və xidmət müddətinin artırılması bölgədəki gərginliklə bağlıdır. Rusiya həm Avropa, həm də Qərb dövlətləri ilə təklənmiş, küncə sıxışdırılmış bir ölkədir və Belarusdan böyük gözləntiləri var. Qeyd edək ki, keçmiş Sovet İttifaqı ölkələri arasında Belarus Rusiyaya ən yaxın dövlətdir və Rusiyanın mövqeyini paylaşan ən yaxın dövlətlərdən biridir.
Rusiyanı gözləyən təhlükə Belarusda da təsir göstərə bilər. Belarusda hərbi çağırışların olması gözləniləndir və ölkə hər hansı təhdidə hazır olmalıdır. Dünyada ciddi çaxnaşma var, çoxlu müharibə ocaqları mövcuddur. Bu gün siyasi və iqtisadi meydanda orduların səsi çox eşidilir, silah səsləri aktivdir. Hərb ritorikada üstünlük qazanır, güc mövqedən çıxış edir. Humanizm prinsipləri və sülh çağırışları ikinci planda qalır. Belarus öz mövqeyini gücləndirmək üçün islahatlar aparmalı, müdafiə qüdrətini artırmalıdır. Bu cür çağırışlar və islahatlar bütün dünya ordularında həyata keçirilir. Ordu daim yenilənməli və inkişaf etməlidir. Doktrinanın nəzərdə tutduğu məsələlər ciddi dinamikaya malikdir. Belarus müdafiə tədbirlərini, ordu inkişafını və hərbi təcavüzə cavab verməyə hazır olmağı normal proses kimi həyata keçirir. İndiki vəziyyətdə Rusiyanın müttəfiqi kimi Belarus hər hansı hərbi eskalasiya ilə üzləşə bilər və buna hazır olmalıdır. Ona görə ordunu gücləndirmək, islahatlar aparmaq, yeni çağırışlar və səfərbərdliklər həyata keçirmək lazımdır. Bu, Belarusun mövqeyindən çıxış edərək təbii bir prosesdir".
Fatimə Məmmədova
16:03 21.02.2026
Oxunuş sayı: 624