Ukrayna Avropa üçün Rusiya aqresiyasının qarşısındakı müdafiə divarıdı
Ukrayna ilə Avropa İttifaqı arasındakı münasibətlər son illərdə həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik baxımından strateji əhəmiyyət kəsb edən səviyyəyə yüksəlib.
Ölkənin qərb yönümlü siyasəti, Avropa ailəsinə inteqrasiya istiqamətində atdığı addımlar və aparılan islahatlar yalnız daxili idarəçilik sisteminin modernləşdirilməsi və iqtisadiyyatın inkişaf etdirilməsi baxımından deyil, eyni zamanda regionda sabitliyin təmin olunması və potensial təhdidlərin qarşısının alınması baxımından da vacibdir.
Eyni zamanda Avropa üçün də Ukrayna mühüm əhəmiyyət daşıyır.
Ölkənin ərazi bütövlüyünün qoruması və təhlükəsizlikdə oynadığı rol onu regionda potensial təhdidlərə qarşı dayanan əsas faktor kimi çıxış etdirir. Bu qarşılıqlı ehtiyac və strateji asılılıq hər iki tərəfin bir-birinə olan dəstəyini və əməkdaşlığını davamlı edir.
Nəticədə Ukraynanın Avropaya inteqrasiyası təkcə iqtisadi və siyasi perspektivlərlə deyil, həm də təhlükəsizlik və regional stabillik kontekstində önəmli bir məsələ kimi qalır.
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Crossmedia.az-a açıqlama verib:

"Ukrayna dövləti uzun müddətdir qərb yönümlü siyasət yürüdür və bu siyasətin əsas prinsiplərindən biri Avropa ailəsinə üzvlük məsələsidir. Rusiyanın Ukrayna təcavüzünün səbəblərindən biri də məhz Ukraynanın Avropaya inteqrasiya siyasəti ilə bağlıdır.
Avropa İttifaqı və Ukrayna arasında son dörd ildə münasibətlər ciddi şəkildə irəliləyib və yüksək səviyyəyə qalxıb. Hal-hazırda Avropa İttifaqı ölkələrinin əksəriyyəti Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və bu münaqişədə ona dəstək verməyə davam edir. Eyni zamanda hesab edirəm ki, Avropa İttifaqı da Ukraynaya ciddi şəkildə ehtiyac duyur.
Çünki Ukrayna bugün Avropanın təhlükəsizliyi və arxitekturasının qorunmasında, eləcə də potensial təhdidlərin qarşısının alınmasında olduqca önəmli bir aktordur".
Politoloq əlavə edib ki, məhz Ukraynanın Rusiya təcavüzü qarşısında müqaviməti Avropanı Rusiya təhdidlərindən qoruyan amillərdən biridir: "Avropada yaxşı başa düşürlər ki, Rusiya agresiyasının qarşısında Ukrayna bir növ bufer zonası və müdafiə divarı rolunu oynayır.
Bu baxımdan hər iki tərəfin bir-birinə ehtiyacı var. Ukraynanın Avropa İttifaqına üzvlüyə ehtiyacı ondan ibarətdir ki, bu yolla birliyin imkanlarından, xüsusilə maliyyə və texnoloji resurslarından yararlana bilsin. Bu isə ölkənin iqtisadiyyatının inkişaf etdirilməsi, islahatların aparılması, modern idarəçilik sisteminin qurulması və gələcəkdə potensial agresiyalara qarşı durmaq üçün Avropanın dəstəyini davamlı olaraq hiss etməsi məqsədini daşıyır.
O baxımdan, hazırkı münasibətlər qarşılıqlıdır və hər iki tərəfin bir-birinə kifayət qədər ciddi ehtiyacları mövcuddur".
Ayhan
13:26 18.02.2026
Oxunuş sayı: 628