BU MƏHSULLAR BAHALAŞDI: Dizelin qiymət artımı onlara da təsir etdi
Azərbaycanda dizel yanacağının bahalaşması iqtisadi proseslərə yeni təzyiqlər formalaşdırır. Daşıma xərclərinin artması bir çox sahədə qiymətlərin yenidən nəzərdən keçirilməsinə gətirib çıxarır. Bu vəziyyət xüsusilə ərzaq və tikinti sektorunda bahalaşma ehtimalını artırır. Yanacaq qiymətlərindəki dəyişiklik sahibkarların xərclərinə də birbaşa təsir edir. Nəticədə bazarda inflyasiya riski güclənir. Prosesin hansı miqyasda təsir göstərəcəyi isə iqtisadi mühitin uyğunlaşma sürətindən asılıdır.
Bu barədə Crossmedia.az-a açıqlama veren Cross Media Təhlil Mərkəzinin analitiki, iqtisad üzrə fəlsəfə doktoru, dos. Aqil Eyvazov bildirib ki, dizel yanacağının qiymət artımı iqtisadiyyatda zəncirvari təsir yaradır:

"Azərbaycanda yük daşımalarının böyük hissəsi avtomobil nəqliyyatı vasitəsilə həyata keçirilir və bu sektor birbaşa dizeldən asılıdır. Qiymət artımı ilk mərhələdə logistika və nəqliyyat xərclərini yüksəldir, növbəti mərhələdə isə bu artım malların və xidmətlərin maya dəyərinə ötürülür. Xüsusilə ərzaq və tikinti bazarında qiymət artımı riski daha yüksəkdir.Bu addım büdcə və enerji siyasəti baxımından əsaslandırıla bilər, lakin real sektorda xərc yükünü artırır. Kiçik və orta sahibkarlar üçün rentabellik daha da aşağı düşə bilər. Nəticə olaraq, qısa müddətdə inflyasiya artması ehtimalı var. Effektlərin miqyası isə bazarın uyğunlaşma sürətindən və dövlətin paralel tənzimləyici addımlarından asılı olacaq".
Fatimə Məmmədova
14:55 16.02.2026
Oxunuş sayı: 706