Mətbuat Şurasından AzTv-yə TƏBRİK
Azərbaycanda ilk televiziyanın fəaliyyətə başlamasından 70 il ötür.
Crossmedia.az xəbər verir ki, bu əlamətdar yubiley münasibətilə Azərbaycan Mətbuat Şurası “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin kollektivini təbrik edib, 70 il əvvəl əsası qoyulmuş ənənələrə sadiqliyin məmnunluq doğurduğunu bildirib.
Qeyd olunub ki, Azərbaycan Televiziyası ötən 70 il ərzində respublikanın tarixinin həm şahidi, həm də bu tarixin şanlı səhifələrinin formalaşmasında birbaşa iştirakçısı olub. Yüksək peşəkarlıq və özünəməxsus efir mədəniyyəti sayəsində mavi ekran milyonlarla tamaşaçının etimadını qazanıb.
Bildirilib ki, xüsusi ictimai məzmun daşıyan missiyası ilə AZTV televiziya mühitini intellektual məkana və ziyalı sözünün mötəbər tribunası səviyyəsinə yüksəldib. Kanal həmçinin Azərbaycanın azadlıq ideyasını qürurla daşıyaraq onun reallaşmasına mühüm jurnalist dəstəyi göstərib.
Mətbuat Şurası vurğulayıb ki, AZTV-nin peşəkar dəst-xətti müstəqil respublikada hüquqi dövlət və demokratik cəmiyyət quruculuğuna töhfənin nümunəsidir. Qeyd edilib ki, AZTV öz ənənəsini formalaşdıran media qurumudur və bu ənənənin izləri ölkənin televiziya məkanının müxtəlif sahələrində özünü göstərir.
Eyni zamanda bildirilib ki, Azərbaycan Televiziyası ana dilinin saflığının qorunmasında, müasir informasiya texnologiyalarının tətbiqində və yayım siyasətinin yenilənməsində öncül rol oynayır. Bu xüsusiyyətlər AZTV-ni ölkədə və beynəlxalq miqyasda etibarlı informasiya mənbəyinə çevirib.
Sonda Azərbaycan Mətbuat Şurası Azərbaycan Televiziyasının rəhbərliyini və əməkdaşlarını 70 illik yubiley münasibətilə təbrik edib, yeni uğurlar və müvəffəqiyyətlər arzulayıb.
16:00 13.02.2026
Oxunuş sayı: 411