Mətbuat Şurası: Ali Məhkəmənin Plenum qərarı şəxsi həyatın qorunmasında dönüş nöqtəsidir
Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” yeni Plenum qərarı dövrün tələblərindən irəli gəlir və şəxsi həyatın toxunulmazlığı sahəsində beynəlxalq standartların tətbiqini gücləndirir.
Crossmedia.az-ın məlumatına görə, bu barədə Mətbuat Şurasının yaydığı məlumatda bildirilir ki, qərar Konstitusiyanın 32-ci maddəsi – “Şəxsi həyatın toxunulmazlığı” müddəalarına əsaslanaraq real tətbiq mexanizmi yaradır və həm fərdlər, həm də media subyektləri üçün yeni hüquqi çərçivə formalaşdırır.
Qeyd olunur ki, 2016-cı il referendumundan sonra Konstitusiyanın 32-ci maddəsinə əlavə edilən müddəalar fərdi məlumatların toplanması, emalı və yayılmasını qanunla tənzimlənən sahə kimi müəyyənləşdirib. Yeni Plenum qərarı isə bu prinsiplərin məhkəmə praktikasında tətbiqinə aydınlıq gətirir.
Mətbuat Şurasının açıqlamasına görə, qərar şəxsi toxunulmazlıq hüququ ilə şərəf və ləyaqətin müdafiəsi institutunu bir-birindən fərqləndirir. Bildirilir ki, hətta yayılan məlumat həqiqi olsa belə, həmin məlumatın şəxsin razılığı olmadan yayılması hüquq pozuntusu hesab edilə bilər. Tibbi məlumatlar, maliyyə və əmlak vəziyyəti, şəxsi yazışmalar, ailədaxili münasibətlər və digər həssas bilgilər xüsusi qoruma altındadır.
Sənəddə həmçinin qeyd olunur ki, qanun yalnız şəxsi və ailə həyatına dair məlumatları deyil, eyni zamanda şəxsin mənzili, avtomobili, xidməti otağı və digər şəxsi obyektləri ilə bağlı məlumatları da qoruyur.
Plenum qərarında ictimai maraq məsələsinə də xüsusi yer ayrılıb. Vurğulanır ki, publik şəxslərin fəaliyyəti və qərarları ictimai nəzarət predmetidir və bu çərçivədə onların fəaliyyəti ilə bağlı məlumatların yayılması mülki hüquq pozuntusu sayılmaya bilər. Lakin ictimai maraq sərhədlərinin aşılması yolverilməzdir.
Mətbuat Şurası bildirir ki, qərar şəxsi məlumatların yayılmasına görə məsuliyyət mexanizmlərinin dəqiqləşdirilməsinə yönəlib. Xüsusilə televiziya, radio və sosial şəbəkələrdə yayılan məlumatların əhatə dairəsi və təsir gücü nəzərə alınaraq məsuliyyətin müəyyənləşdirilməsi məsələsi ön plana çıxır.
Açıqlamada qeyd olunur ki, sosial şəbəkələrdə yayılan məlumatların hüquqi qiymətləndirilməsi zamanı onların baxış sayı və ictimai təsir dərəcəsinin nəzərə alınması üçün əlavə mexanizmlərə ehtiyac yarana bilər.
Mətbuat Şurası hesab edir ki, Ali Məhkəmənin yeni Plenum qərarı şəxsi həyatın qorunması ilə söz və media azadlığı arasında balansın daha aydın şəkildə müəyyənləşdirilməsinə xidmət edəcək.
14:36 11.02.2026
Oxunuş sayı: 433