Əbu-Dabi görüşləri tərəflər üçün nə vəd edir? - Politoloq perspktivlərdən danışdı
Son dövrlərdə beynəlxalq gündəmdə xüsusi diqqət çəkən mövzulardan biri də Rusiya–Ukrayna müharibəsi fonunda diplomatik təşəbbüslərin intensivləşməsidir. Bu kontekstdə Əbu-Dabidə baş tutan görüş də tərəflər arasında mümkün dialoq imkanlarının qiymətləndirilməsi baxımından mühüm hadisə kimi dəyərləndirilir. Lakin mövcud geosiyasi reallıqlar və tərəflərin dəyişməz mövqeləri nəzərə alındıqda, sözügedən görüşdən qısa müddətdə konkret və nəticəyönümlü qərarların çıxarılması ilə bağlı gözləntilər kifayət qədər məhdud görünür. Əbu-Dabi görüşü daha çox mövqelərin bir daha səsləndirilməsi və diplomatik prosesin formal şəkildə davam etdirilməsi xarakteri daşıyır.
Politoloq Aytən Qurbanova Əbu-Dabidə keçirilən görüşlər barədə Crossmedia.az-a danışıb: "İlk növbədə qeyd etmək lazımdır ki, Rusiya–Ukrayna müharibəsi ilə bağlı tərəflərin mövqelərində hər hansı ciddi dəyişiklik müşahidə olunmadığından, ümumilikdə danışıqlar prosesinin uğurlu nəticə əldə etməsi real görünmür. Bu baxımdan Ər-Riyadda keçirilə biləcəyi ehtimal olunan görüşlə bağlı ilkin səsləndirilən fikirlər də məhz bu istiqamətdə idi. Yekun nəticə etibarilə, indiki şəraitdə Rusiya ilə Ukrayna arasında ortaq bir razılığın əldə olunmasının mümkün olmadığı kifayət qədər aydın görünür. Düşünürəm ki, Rusiyanın maksimalist tələbləri danışıqlar prosesində əsas problemli məqamlardan biridir. Eləcə də Ukraynaya qarşı müxtəlif təzyiq mexanizmlərinin tətbiqi onu deməyə əsas verir ki, münaqişənin həlli ilə bağlı ədalətli yanaşmalar masada real şəkildə müzakirə olunmur. Ukraynadan ərazi güzəştlərinin tələb edilməsi əsas şərtlərdən biri kimi irəli sürülür və bu şəraitdə Ukrayna heç bir formada geri çəkilmək niyyətində deyil. Rusiya isə işğal siyasətini bütün cəbhələrdə davam etdirir".

O bildirib ki, diplomatik danışıqların davam etdirilməsi fonunda münaqişəyə son qoyulması təəssüratı yaradılmağa çalışılır: "Lakin mövcud vəziyyət onu deməyə əsas verir ki, müharibə hələ müəyyən müddət davam edəcək. Ən azı 2026-cı ilin sonuna qədər Rusiya–Ukrayna cəbhəsində atəşkəsin əldə olunması ehtimalı kifayət qədər zəif görünür. Hətta ilkin atəşkəs şərtləri qəbul edilsə belə, münaqişənin tam həlli istiqamətində danışıqlar prosesinin uzun müddət davam edəcəyi ehtimal olunur. Təəssüf ki, beynəlxalq sistemdə hökm sürən anarxik yanaşmalar Rusiya–Ukrayna münaqişəsi də daxil olmaqla, qlobal miqyasda baş verən digər qarşıdurmaların “dondurulmuş münaqişə” mərhələsinə keçirilməsi və sonradan danışıqlar prosesinin davam etdirilməsi xəttini gücləndirir. Belə olan halda isə Rusiyanın geri çəkilməsi və ya danışıqlar prosesində ortaq şərtlərin formalaşdırılması ilə bağlı yaxın perspektivdə real şəraitin yaranacağını gözləmək çətindir".
Ayhan
11:26 27.01.2026
Oxunuş sayı: 1092