Teleradio Akademiyasında yeni təlim keçiriləcək
Yanvarın 17-də “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlimlər təşkil olunacaq.
Crossmedia.az xəbər verir ki, əvvəlcə ustad dərsi olacaq. Dərsi Əməkdar artist, nitq mədəniyyəti mütəxəssisi Gülşən Əkbərova keçəcək.
Sonra qruplar üzrə təlimlər olacaq. Bakı Dövlət Universitetinin kafedra müdiri Aynur Nəsirova “Redaktə prosesində diqqət edilməli məqamlar: praktik nümunələr əsasında”, efir estetikası və nitq mədəniyyəti üzrə mütəxəssis Mümtaz Xəlilzadə isə “Efir estetikası: Televiziya məkanında vizual zövq” mövzusunda təlim keçəcək.
Bildirək ki, “Mediada Azərbaycan dili” mövzusunda təlimlərdə 50-yə yaxın jurnalist, redaktor və aparıcı iştirak edir. Təlimlərdə iştirakçılara düzgün və səlis nitq, peşəkar ünsiyyət, efir mədəniyyəti və media dili ilə bağlı nəzəri, praktiki biliklər təqdim olunur. Bu çərçivədə bölgələrdə də jurnalistlər üçün təlimlər təşkil ediləcək.
Təlimlərin sonunda jurnalistlər arasında aparılan monitorinqin nəticələri açıqlanacaq, iştirakçılara sertifikatlar veriləcək.
Layihənin əsas məqsədi müasir media mühitinin tələblərinə cavab verən, dil normalarına yiyələnmiş və peşəkar kadrların hazırlanmasına töhfə verməkdir.
16:09 16.01.2026
Oxunuş sayı: 1085