Dağıstan Rusiyaya etiraz edir, xalq ayağa qalxdı
Dağıstan uzun illərdir ki, sosial-iqtisadi gerilik, kütləvi işsizlik və zəif infrastruktur problemləri ilə üz-üzədir. Regionda gənclər üçün dayanıqlı iş yerlərinin və inkişaf imkanlarının olmaması onları faktiki olaraq Moskvanın geosiyasi planları üçün “insan resursu”na çevirib. Xüsusilə Ukraynada davam edən müharibə fonunda Dağıstandan minlərlə gəncin cəbhəyə göndərilməsi bu siyasətin açıq göstəricisidir.
Bu sistemli istismar Dağıstanın iqtisadi inkişafını daha da ləngidir, regionun demoqrafik balansını pozur və ailələrin sosial rifahına ciddi zərbə vurur. Gənc və əmək qabiliyyətli əhalinin itirilməsi yoxsulluğun dərinləşməsinə, asılılığın artmasına və gələcək inkişaf perspektivlərinin məhdudlaşmasına səbəb olur.
Bu barədə Crossmedia.az-a açıqlama verən Ədalət Partiyasının sədri Mütəllim Rəhimli Rusiyanın əyalətlərində, xüsusilə, ucqar bölgələrdə insanların həyat şəraitinin mərkəzə nisbətən kifayət qədər ağır olduğunu qeyd edib:

" Mərkəz və əyalətlər arasında kəskin yaşayış fərqləri var. Ukrayna ilə müharibənin başlaması ilə bu fərq daha da artıb. Üstəlik, cəbhəyə göndərilənlərin böyük əksəriyyətini əyalətlərdə yaşayanlar təşkil edir. Bu da onu göstərir ki, Rusiyanın əyalətlərində yaşayan azsaylı xalqlar mərkəzi hakimiyyətin əlində siyasi vasitə kimi istifadə olunur. Ukrayna ilə müharibədə itkiləri də azsaylı xalqlar yaşayır. İqtisadi durumun ağırlığı bir yandan, yaşadıqları faciələr isə digər tərəfdən bu xalqların gələcəyini təhdid edir. Dağıstanda da eyni vəziyyət hökm sürür. Gənclərin müharibədə kütləvi şəkildə öldürülməsi, sosial-iqtisadi vəziyyətin ağırlığı səbəbindən yerli əhalinin miqrasiya etməsi yaxın gələcəkdə bu Muxtar Respublikada demoqrafik probemlərə yol açacaq. Bu isə rəsmi Moskvaya imkan verəcək ki, ruslaşdırma siyasətini maneəsiz olaraq həyata keçirsin".
Fatimə Məmmədova
10:45 15.01.2026
Oxunuş sayı: 4403