Azərbaycanda media mühitinin sağlamlaşması prosesi sürətlənib - Vüqar Zifəroğlu
Müasir dövrdə informasiya siyasəti dövlətin milli təhlükəsizliyi, ictimai sabitliyi və beynəlxalq imici baxımından strateji əhəmiyyət daşıyan əsas istiqamətlərdən birinə çevrilib. İnformasiya məkanında baş verən sürətli dəyişikliklər, rəqəmsal texnologiyaların yaratdığı yeni çağırışlar və qlobal dezinformasiya riskləri bu sahəyə təsadüfi deyil, uzunmüddətli və düşünülmüş yanaşma tələb edir. Azərbaycanda son illər əldə olunan nəticələr də məhz dövlətin informasiya siyasətinə strateji baxışının formalaşdırılması və ardıcıl şəkildə həyata keçirilməsi ilə izah olunur. Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun vurğuladığı kimi, əldə edilən uğurların əsasında informasiyanın idarə olunmasına kompleks yanaşma, sağlam media mühitinin formalaşdırılması və milli maraqlara əsaslanan informasiya strategiyasının tətbiqi dayanır. Bu yanaşma həm media institutlarının dayanıqlı inkişafına, həm də cəmiyyətin informasiya təhlükəsizliyinin təmin edilməsinə xidmət edir.
Məsələ ilə bağlı Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu Crossmedia.az-la öz fikirlərini bölüşüb: "MEDİA İnkişaf Agentliyinin (MEDİA) fəaliyyətə başlamasından ötən 5 il ərzində Azərbaycanda media sahəsində institusional islahatlar, hüquqi çərçivənin təkmilləşdirilməsi və peşəkar jurnalistikanın təşviqi istiqamətində mühüm addımlar atıldı. Bu dövr ərzində Agentlik dövlət–media münasibətlərində yeni əməkdaşlıq modelinin formalaşmasına, media sektorunun davamlı inkişafına və informasiya mühitinin sağlamlaşdırılmasına əhəmiyyətli töhfələr verib. MEDİA tərəfindən həyata keçirilən əsas istiqamətlərdən biri “Media haqqında” Qanunun tətbiqinin təmin olunmasıdır. Praktiki tətbiq mərhələsində qanun informasiya bazarında nizamsızlığın aradan qaldırılmasına, peşəkarlıq meyarlarının önə çəkilməsinə və ictimai etimadın artmasına müsbət təsir göstərib".
V.Əliyev söyləyib ki, agentliyin fəaliyyəti nəticəsində Azərbaycanda media mühitinin sağlamlaşması prosesi sürətlənib: "Dezinformasiya və qeyri-peşəkar fəaliyyət hallarının qarşısının alınması, etik standartların təşviqi və keyfiyyətli məzmunun prioritetləşdirilməsi medianın cəmiyyət qarşısında məsuliyyətini artırıb. MEDİA eyni zamanda media subyektləri üçün müsabiqələrin keçirilməsi və maliyyə dəstəyinin ayrılması mexanizmlərini formalaşdıraraq sektorda iqtisadi dayanıqlığın gücləndirilməsinə töhfə verib. Layihə əsaslı maliyyələşmə medianın tematik ixtisaslaşmasını, regional medianın inkişafını və sosial əhəmiyyətli mövzuların işıqlandırılmasını stimullaşdırıb".
O həmçinin Agentlik tərəfindən media subyektlərinin nümayəndələri üçün yerli və xarici peşəkar təlimçilərin iştirakı ilə mütəmadi təlimlər və seminarların təşkil olunduğunu bildirib: "Bu tədbirlər jurnalistlərin peşə bacarıqlarının artırılması, rəqəmsal media alətlərinin mənimsənilməsi, faktların yoxlanılması, münaqişə və həssas mövzuların işıqlandırılması kimi sahələrdə bilik və təcrübənin genişləndirilməsinə yönəlib. Ümumilikdə, MEDİA İnkişaf Agentliyinin 5 illik fəaliyyəti Azərbaycanda müasir, peşəkar və məsuliyyətli media mühitinin formalaşdırılması istiqamətində sistemli yanaşmanın tətbiq olunduğunu göstərir".
Elmir Heydərli
17:17 14.01.2026
Oxunuş sayı: 1388