Media savadlılığının tədrisinə orta məktəb səviyyəsindən başlanmalıdır - Açıqlama
Rəqəmsal dövrdə informasiya axınının sürətlənməsi cəmiyyət üçün yeni imkanlarla yanaşı, ciddi çağırışlar da yaradır. Sosial şəbəkələr və onlayn platformalar vasitəsilə yayılan yalan və çaşdırıcı məlumatlar ictimai rəyə təsir göstərir, informasiya təhlükəsizliyini zəiflədir və cəmiyyətdə yanlış təsəvvürlərin formalaşmasına zəmin yaradır. Belə bir şəraitdə media savadlılığı artıq təkcə jurnalistlərin deyil, bütün cəmiyyətin dayanıqlı inkişafı üçün zəruri bacarıq kimi ön plana çıxır.
Məhz bu kontekstdə Medianın İnkişafı Agentliyinin həyata keçirdiyi təşəbbüslər və bu sahədə formalaşdırılan dövlət siyasəti xüsusi əhəmiyyət daşıyır. MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov bu günlərdə AZƏRTAC-a müsahibəsində deyib ki, media savadlılığının artırılması yalan və çaşdırıcı məlumatlarla mübarizədə vacib rol oynayır.
Media savadlılığının artırılması dezinformasiyaya qarşı mübarizədə əsas mexanizmlərdən biri olmaqla yanaşı, fərdlərin informasiya məkanında daha tənqidi, məsuliyyətli və təhlükəsiz mövqe tutmasına şərait yaradır. Son illər bu istiqamətdə həyata keçirilən sistemli və çoxşaxəli tədbirlər isə media savadlılığının cəmiyyətin müxtəlif təbəqələri arasında təşviq edilməsinə və sağlam informasiya mühitinin formalaşdırılmasına xidmət edir.
Məsələ ilə bağlı Bakı Dövlət Universitetinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının dosenti Könül Niftəliyeva Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Azərbaycanda media savadlılığı sahəsində son iki ildə nəzərəçarpacaq canlanma müşahidə olunur. Bu proses əsasən Medianın İnkişafı Agentliyinin təşəbbüsü ilə həyata keçirilir. Belə ki, Agentlik son illərdə hər ilin dekabrda Media Savadlılığı Həftəsi təşkil edir və həmin həftə çərçivəsində konfranslar, dəyirmi masalar və müxtəlif formatlı görüşlər keçirilir. Əvvəlki illərdə bu tədbirlərin əsas hədəf auditoriyası jurnalistlər və ali təhsil müəssisələrinin tələbələri idi. Lakin 2025-ci ildə Media savadlılığı həftəsinin əhatə dairəsi daha da genişləndirildi. Belə ki, orta məktəb müəllimləri də bu prosesə cəlb olundu. Oktyabr–noyabr aylarında orta məktəb müəllimləri üçün media savadlılığının tədrisi ilə bağlı xüsusi təlimlər təşkil edildi. Eyni zamanda, media savadlılığı həftəsi çərçivəsində keçirilən konfranslara orta məktəb şagirdləri və müəllimləri də dəvət olundu və bu istiqamətdə maraqlı konsepsiya formalaşdırıldı. Bununla belə, qeyd etmək lazımdır ki, media savadlılığı sahəsində həyata keçirilən tədbirlər əsasən layihə, kampaniya və həftəlik təşəbbüslər səviyyəsində qalır. Media savadlılığı hələlik birbaşa ümumtəhsil sisteminə, xüsusilə də orta məktəb tədrisinə tam şəkildə inteqrasiya olunmayıb. Məhz bu səbəbdən dezinformasiyanın qarşısının sistemli və davamlı şəkildə alınmasından hələlik danışmaq çətindir".

O, həmçinin media savadlılığının orta məktəb səviyyəsindən başlanmalı olduğunu qeyd edib: "Şagirdlərə oxuduqları informasiyanın mahiyyəti, məqsədi və mənbəyi haqqında düşünmək bacarığı aşılanmalıdır. Onlar anlamalıdırlar ki, informasiya niyə onlara çatdırılır, kimlər tərəfindən yayılır və hansı məqsədlərə xidmət edir. Eyni zamanda, şagirdlər özləri hər hansı məlumatı paylaşarkən bunun səbəblərini, hədəf auditoriyasını, mümkün müsbət və mənfi təsirlərini dərk etməlidirlər. Paylaşılan məlumatın maarifləndirici xarakter daşıyıb-daşımadığı, yoxsa potensial fəsadlar yarada biləcəyi barədə düşünmək media savadlılığının əsas komponentlərindəndir.Hazırda bu istiqamətdə orta məktəblərdə sistemli və institusional işin aparıldığını söyləmək çətindir. Yenə də qeyd etmək lazımdır ki, Media savadlılığı həftəsi və digər təlimlər çərçivəsində yalnız son dövrlərdə orta məktəb müəllimlərinin bu prosesə cəlb olunmasına başlanılıb. Bu isə media savadlılığının təhsilə inteqrasiyası istiqamətində atılan ilkin, lakin mühüm addım kimi qiymətləndirilə bilər".
Elmir Heydərli
11:18 14.01.2026
Oxunuş sayı: 1489