1420 gün davam edən dağıdıcı müharibə: SÜLH OLMAYACAQ
Rusiya–Ukrayna müharibəsinin başlamasından 1420 gün keçir. Bu günlərin geridə qalması artıq bu qarşıdurmanın adi regional münaqişə olmadığını, qlobal miqyasda güc balanslarını dəyişən uzunmüddətli savaş xarakteri aldığını göstərir. Tarixi paralel aparsaq, Rusiya (o dövrdə SSRİ) İkinci Dünya müharibəsində Almaniya ilə 1418 gün döyüşmüşdü. Lakin bugünkü müharibənin uzanma səbəbləri təkcə hərbi meydanla məhdudlaşmır. Bu, Ukraynanın müqavimət gücü ilə yanaşı, Rusiyanın getdikcə zəifləyən hərbi, iqtisadi və siyasi potensialının, eləcə də Qərbin sanksiyalar və hərtərəfli dəstəklə münaqişəyə dolayısı müdaxiləsinin nəticəsidir. Müharibənin ilk günlərində Kremlin özünə həddindən artıq arxayınlığı və sürətli qələbə hesablamaları puça çıxdı, proses uzandıqca isə suallar daha da kəskinləşdi: bu savaş niyə bitmir və onun sonu harada görünür?

Mövzu ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov Crossmedia.az-a açıqlama verib: “Rusiya–Ukrayna müharibəsinin artıq 1420-ci günü də tamam oldu. Gələn ay, yəni fevral ayında bu müharibənin dörd ili tamam olacaq. Əlbəttə ki, burada söhbət Ukraynanın Almaniya qədər güclü dövlət olmasından getmir. Lakin Rusiyanın özünə həddindən artıq arxayınlığı onu bu vəziyyətə saldı. Çünki Rusiyanın ağıllı generalları – İvaşov, eləcə də Vladimir Çirkin kimi hərbi xadimlər indiyədək dəfələrlə həqiqəti söyləyiblər. Rusiya öz imkanlarını həddən artıq şişirtdi və nəticədə Ukraynaya qarşı bu avantüraya başladı. Artıq aydındır ki, Rusiyanın əvvəlki hərbi gücü yoxdur. Bu müharibənin hər ötən günü peşəkar kadrların sıradan çıxması ilə müşayiət olunur. Bəli, bu gün gənc əsgərlər hazırlanır, amma əvvəlki əzəmət, əvvəlki hazırlıq və peşəkarlıq demək olar ki, yoxdur. Məhz buna görə də müharibə bu qədər uzanır. Rusiya hələ də öz inadcılığından əl çəkmir. Dörd il ərzində baxdıqda görürük ki, hansı strateji hədəfinə çatıb? Bəzi taktiki uğurlar ola bilər, amma strateji hədəflərin heç birinə nail olunmayıb. Kiyev yerindədir, müharibəni qarşılayan Ukrayna rəhbərliyi, müəyyən dəyişikliklər olsa da, yerindədir. Ən əsası isə Ukrayna xalqı döyüşür və öz ərazisini müdafiə etməyə çalışır”.
Ekspert əlavə edib ki, illər keçdikcə Ukrayna da Almaniya kimi güclü iqtisadiyyata malik dövlətə çevrilə bilər: “Bu gün Ukrayna dünyanın ən döyüşkən ordularından birinə sahibdir. Biz bunu reallıq kimi qəbul etməliyik: Ukrayna bu gün döyüşür, savaşır və dörd il ərzində Rusiyaya qarşı davam gətirə bilibsə, bu o deməkdir ki, Ukrayna ordusu təcrübə toplayaraq formalaşır. Biz özümüz də Qarabağ müharibəsinin ilk illərində oxşar vəziyyətdə idik: vahid komandanlığın olmaması, ordunun lazımi silah-sursatla təmin edilməməsi və digər problemlər mövcud idi. Bu baxımdan hesab edirəm ki, Rusiya–Ukrayna müharibəsi hələ bu il də davam edəcək. Hazırda tərəflər bir-birinin enerji infrastrukturuna zərbələr endirir. Xüsusilə qış aylarında həm Rusiya, həm də Ukrayna bir-birini sanki sınağa çəkir. Amma istənilən halda düşünürəm ki, bu müharibə sonsuza qədər davam edə bilməz və bunun mütləq bir sonu olacaq”.
Ayhan
11:40 13.01.2026
Oxunuş sayı: 1135