Vaşinqton Venesuelanı strateji alternativ kimi nəzərdən keçirir - POLİTOLOQ
ABŞ–Venesuela münasibətlərində enerji amili yenidən ön plana çıxır. Qlobal enerji bazarlarında müşahidə olunan dəyişikliklər və geosiyasi maraqlar fonunda Vaşinqtonun Karakasla bağlı siyasətində diqqətçəkən məqamlar ortaya çıxmaqdadır. Bu kontekstdə ABŞ Prezidenti Donald Trampın Venesuelanın enerji sektoruna investisiyalar məsələsini müzakirə etmək məqsədilə ölkənin iri neft şirkətlərinin nümayəndələri ilə görüşəcəyini açıqlaması iki ölkə arasında iqtisadi və enerji əməkdaşlığının yeni mərhələyə keçə biləcəyindən xəbər verir.
Prezidentin açıqlamaları təkcə enerji sahəsində milyardlarla dollar həcmində investisiya planlarını deyil, eyni zamanda siyasi məhbusların azad edilməsi, sanksiyalar fonunda atılan addımlar və təhlükəsizlik məsələləri ilə bağlı mühüm mesajlar da ehtiva edir. Bu bəyanatlar ABŞ-nin Venesuela ilə münasibətlərdə həm iqtisadi maraqları, həm də regional strateji mövqelərini balanslaşdırmağa çalışdığını göstərir.
Məsələ ilə bağlı politoloq Zeynal Əmrəliyev Crossmedia.az-la öz fikirlərini bölüşüb: "ABŞ-nin Venesuelaya münasibətdə əsas strateji məqsədi bu ölkənin zəngin neft ehtiyatlarına nəzarəti ələ keçirməkdir. Məlum olduğu kimi, Venesuela dünyada ən böyük sübut olunmuş neft ehtiyatlarına malik ölkə hesab olunur. Bu amil ABŞ üçün xüsusi əhəmiyyət daşıyır. Belə ki, Vaşinqton bu yolla həm öz strateji ehtiyatlarını toxunulmaz saxlamağa, həm də artmaqda olan daxili enerji tələbatını təmin etməyə çalışır. Son illərdə ABŞ-nin enerji istehlakı xeyli yüksəlib və əvvəlki dövrlərlə müqayisədə digər ölkələrdən enerji idxal etmək imkanları məhdudlaşıb. Eyni zamanda Vaşinqton dünya neft bazarında daha aktiv oyunçuya çevrilmək və ixrac imkanlarını genişləndirmək niyyətindədir".

O bildirib ki, bu kontekstdə ABŞ-nin Venesuelaya yönəlik siyasəti enerji mənbələrinə nəzarət strategiyasının tərkib hissəsi kimi qiymətləndirilə bilər: "Tramp administrasiyası Venesuelada Nikolas Maduro hökumətinin zəiflədiyini müşahidə edərək, bu vəziyyətdən istifadə etməklə hakimiyyət dəyişikliyinə nail olmağın və nəticə etibarilə ölkənin neft ehtiyatlarını nəzarətə götürməyin mümkün olduğunu düşünmüşdür. Əslində, ABŞ uzun illər bu cür siyasəti Yaxın Şərq və ərəb ölkələri üzərindən həyata keçirirdi. Lakin hazırkı mərhələdə buna əvvəlki qədər ehtiyac duymur və coğrafi baxımdan daha yaxın olan Latın Amerikası regionunda eyni strategiyanı tətbiq etməyə çalışır".
Politoloq, həmçinin ABŞ -nin Venesuelada istədiyi nəticəni əldə edəcəyi təqdirdə və bu ölkənin neft ehtiyatlarından sərbəst şəkildə istifadə imkanına sahib olarsa, bu, Vaşinqtonun dünya neft bazarındakı mövqelərini əhəmiyyətli dərəcədə gücləndirə biləcəyini bildirib: "ABŞ eyni zamanda ərəb dünyasına əvvəlki kimi tam etibar etmir. Çünki bir sıra ərəb ölkələri, o cümlədən Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri son illərdə daha müstəqil və balanslaşdırılmış xarici siyasət yürütməyə meyil göstərirlər. Bu isə ABŞ-ın enerji sahəsində uzunmüddətli planlarını risk altına sala bilər. Məhz bu səbəbdən Vaşinqton Venesuelanı strateji alternativ kimi nəzərdən keçirir və hesab edir ki, bu ölkənin enerji resurslarına nəzarət etməklə dünya neft bazarında öz üstünlüyünü yenidən bərpa edə bilər".
Elmir Heydərli
16:35 10.01.2026
Oxunuş sayı: 1853