Türkiyə ABŞ və Rusiyaya necə meydan oxuyur?- Oyun qaydaları dəyişir
Türkiyə son illər silah ixrac edən aparıcı ölkələrdən birinə çevrilib. Xüsusilə pilotsuz uçuş aparatları, raket sistemləri, hərbi gəmilər və yüksək texnologiyalara əsaslanan silah növləri üzrə Türkiyə ciddi irəliləyiş əldə edib. Bu sahədə inkişaf prosesi davamlı xarakter daşıyır. Yaxın perspektivdə ixrac həcminin 10 milyard dolları da ötəcəyi gözlənilir.
Bunu Crossmedia.az-a açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.
O bildirib ki, son dövrlərdə Türkiyənin hərbi potensialı əhəmiyyətli dərəcədə
artıb: “Türkiyə
hazırda bütün qoşun növlərini müasir silah-sursatla təmin etməklə yanaşı, bu məhsulları
xarici bazarlara da çıxarır. Bu, ölkənin müdafiə sənayesində tam müstəqilliyə
doğru irəlilədiyini göstərir. Türkiyə Azərbaycanın ən yaxın strateji müttəfiqlərindən biridir. Azərbaycan
və Türkiyə mütəxəssislərinin birgə fəaliyyəti nəticəsində gələcəkdə ölkəmizin
müdafiə sənayesi potensialı daha da artacaq".
Ekspertin sözlərinə görə, Türkiyə qlobal miqyasda əsas aktorlardan birinə çevrilməkdədir: “Əvvəllər bu sahədə əsas söz sahibi ABŞ və Rusiya idisə, hazırda Türkiyə, Böyük Britaniya, Fransa, Çin və Pakistan kimi ölkələr də bu sıraya daxil olub. Çoxqütblü sistemin formalaşması beynəlxalq münasibətlər baxımından müsbət tendensiyadır. Müdafiə sənayesində müstəqillik Türkiyənin təhlükəsizliyini daha da gücləndirir. Türkiyəyə qarşı hər hansı təhdid yaranacağı təqdirdə ölkə başqa dövlətlərdən asılı qalmadan özünü təmin edə biləcək. Eyni zamanda Azərbaycan da silah tədarükündə əsasən qardaş Türkiyəyə üstünlük verir. Biz bunun şahidi İkinci Qarabağ müharibəsi zamanı olduq”.
E.Həsənli vurğulayıb ki, hərbi sahədə asılılığın aradan qaldırılması ölkənin iqtisadi, siyasi və təhlükəsizlik baxımından mövqelərini möhkəmləndirir.
Fatimə Hacıəliyeva
11:11 10.01.2026
Oxunuş sayı: 1691