Böyük Britaniyanın Ukrayna siyasəti parlament nəzarəti mərhələsinə keçir – ŞƏRH
Beynəlxalq təhlükəsizlik mühitinin kəskinləşdiyi və Ukrayna ətrafında geosiyasi proseslərin intensivləşdiyi bir dövrdə Böyük Britaniyanın mövqeyində yeni yanaşma diqqət çəkir. Ölkənin Baş naziri Kir Starmerin Ukraynaya mümkün hərbi kontingentin göndərilməsi məsələsinin parlamentin səsverməsinə çıxarılacağını bəyan etməsi bu qərarların artıq təkcə icra hakimiyyətinin deyil, eyni zamanda qanunverici orqanın məsuliyyət dairəsində nəzərdən keçirildiyini göstərir. Bu yanaşma Böyük Britaniyada demokratik nəzarət mexanizmlərinin və parlamentin xarici siyasətdə artan rolunu bir daha ön plana çıxarır.
Mövzu ilə bağlı siyasi şərhçi Nigar Allahverdiyeva Crossmedia.az-a bildirib ki, Kir Starmerin bu addımı Böyük Britaniyanın xarici siyasətində mühüm institusional dəyişiklik kimi qiymətləndirilə bilər. Onun sözlərinə görə, formal olaraq hərbi müdaxilə qərarları hələ də kral səlahiyyətləri - royal prerogative- çərçivəsində icra hakimiyyətinə məxsusdur, lakin xüsusilə İraq müharibəsindən sonra parlamentin müharibə və sülh məsələlərində rolu siyasi legitimlik baxımından ciddi şəkildə artıb: "Starmerin qərarı son illərdə formalaşan de-fakto konstitusion praktikanı daha da möhkəmləndirir və xarici siyasət qərarlarının kollektiv məsuliyyət prinsipi əsasında qəbul olunması tendensiyasını gücləndirir. Bu yanaşma göstərir ki, Rusiya-Ukrayna müharibəsi artıq Böyük Britaniya üçün yalnız geosiyasi məsələ deyil, eyni zamanda daxili siyasi konsensus, ictimai rəy və parlament nəzarəti ilə sıx bağlı qərar sahəsinə çevrilib”.
Ni.Allahverdiyevanın fikrincə, parlament səsverməsi hüquqi baxımdan məcburi olmasa da, siyasi baxımdan bağlayıcı mexanizm rolunu oynayır və gələcək hökumətlər üçün mühüm presedent yaradır: "Qısamüddətli dövrdə bu cür mexanizmlər qərar qəbuletmə prosesini çətinləşdirə bilər, lakin uzunmüddətli perspektivdə Böyük Britaniyanın xarici siyasətinə daha güclü demokratik legitimlik, davamlılıq və proqnozlaşdırıla bilənlik qazandırır. Ümumilikdə Kir Starmerin mövqeyi Böyük Britaniyanın XXI əsr beynəlxalq münasibətlərində güc amilini demokratik legitimlik və parlament nəzarəti ilə balanslaşdırmaq cəhdinin bariz nümunəsidir. Bu yanaşma həm ölkə daxilində siyasi sabitliyin qorunması, həm də NATO müttəfiqləri qarşısında etibarlı və məsuliyyətli tərəfdaş imicinin möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır”.
Mehriban Yariyeva
09:40 09.01.2026
Oxunuş sayı: 1790