İran–ABŞ gərginliyinin azalacağına dair nikbin proqnoz vermək mümkün deyil - Ekspert
İranın xarici işlər naziri Abbas Əraqçi yerli jurnalistlərə açıqlamasında deyib ki, İndi ABŞ-la danışıqlar aparmaq üçün münbit şərait mövcud deyil.
“İndi ABŞ-la müzakirələr aparmaq üçün uyğun şərait yoxdur. Buna səbəb isə ABŞ-nin izlədiyi siyasətdir. İran heç vaxt müzakirə masasını tərk etməyib. Biz həmişə qarşılıqlı maraqlar və hörmət əsasında danışıqlara hazır olmuşuq. Lakin ABŞ hökumətində bu cür yanaşma mövcud deyil”, - Əraqçi bildirib.
Beynəlxalq münasibətlər sistemində artan qeyri-müəyyənliklər və geosiyasi gərginliklər fonunda İran–ABŞ münasibətləri yenidən diqqət mərkəzinə çıxıb. Xüsusilə İranın nüvə proqramı ətrafında aparılan müzakirələr tərəflər arasında dərin fikir ayrılıqlarının davam etdiyini açıq şəkildə ortaya qoyur. Son dövrlərdə Tehrandan səsləndirilən açıqlamalar isə bu qarşıdurmanın diplomatik müstəvidə yaxın zamanda yumşalacağına dair gözləntiləri daha da zəiflədir. Mövcud reallıqlar göstərir ki, tərəflər hələ də kompromisə deyil, qarşılıqlı təzyiq və maksimalist mövqelərə üstünlük verirlər.
Məsələ ilə bağlı politoloq Aytən Qurbanova Crossmedia.az-a açıqlama verib: "Düşünürəm ki, İran xarici işlər naziri Abbas Əraqçinin bu istiqamətdə səsləndirdiyi bəyanatlar daha çox ABŞ ilə aparılan danışıqlarda qarşı tərəfin irəli sürdüyü şərtlərin İran üçün qəbuledilməz olduğunu göstərən siyasi mesaj kimi dəyərləndirilə bilər. Çünki məlumdur ki, ABŞ İranın nüvə proqramını tam şəkildə dayandırması və üzərinə götürdüyü öhdəlikləri qeyd-şərtsiz icra etməsi ilə bağlı kifayət qədər maksimalist tələblərlə çıxış edir. Bu tələblər isə İranın milli maraqları ilə üst-üstə düşmür. Belə bir şəraitdə danışıqlar prosesinin davam etdirilməsi və ya hər hansı formada yeni bir masa ətrafında toplanmaq nə İran, nə də ABŞ tərəfindən ortaq razılığın əldə olunmasına yönəlmiş konstruktiv yanaşma kimi görünür".

Ekspert əlavə edib ki, hazırkı mərhələdə tərəflər ən azı 2015-ci il çərçivə sənədi formatında belə bir razılaşmaya gələcək mövqedə deyillər: "Bunun əsas səbəbi İranın üzərinə götürdüyü öhdəlikləri icra etmək niyyətində olmaması və eyni zamanda sanksiyaların yüngülləşdirilməsi ilə bağlı mövcud mövqeyindən geri çəkilmək istəməməsidir. Digər tərəfdən, ABŞ da İranın nüvə potensialını inkişaf etdirməyə yönəlmiş addımlarına heç bir halda göz yummayacağını və bu cür təşəbbüslərin qəbuledilməz olduğunu açıq şəkildə bəyan edib. Mövcud reallıqlar fonunda Tehran və Vaşinqton arasında hər hansı formada aparılan danışıqların yekun nəticədə ortaq razılaşma ilə başa çatması real görünmür. Düşünürəm ki, yalnız gələcək mərhələdə, əgər tərəflər qarşılıqlı güzəştlərə əsaslanan daha çevik yanaşmalar ortaya qoyarlarsa, danışıqlar prosesindən danışmaq mümkün ola bilər. Lakin indiki mərhələdə, xüsusilə beynəlxalq münasibətlər sistemində ciddi təlatümlərin yaşandığı bir dövrdə İran–ABŞ gərginliyinin azalacağına dair nikbin proqnoz vermək mümkün deyil".
Ayhan
15:20 08.01.2026
Oxunuş sayı: 6283