Orbandan xəbərdarlıq: Avropa İttifaqı dağılır?
Avropa İttifaqının (Aİ) gələcəyi son illər Avropa siyasi gündəminin ən mübahisəli mövzularından birinə çevrilib. Üzv dövlətlər arasında siyasi, iqtisadi və ideoloji ziddiyyətlərin dərinləşməsi Aİ-nin sabitliyi və davamlılığı ilə bağlı sualları artırır. Macarıstan Baş naziri Viktor Orbanın Aİ-nin tədricən dağılması ilə bağlı açıqlamaları isə bu müzakirələri daha da aktuallaşdırıb. Onun fikirlərinə görə, ittifaqın mövcud idarəetmə modeli böhran yaşayır və ittifaq gələcəkdə yenidən təşkil edilməlidir.
Orbanın səsləndirdiyi fikirlər barədə Crossmedia.az-a danışan politoloq Əhəd Məmmədli bildirib ki, Orban təşkilatda müxalif mövqedə olan liderlərdəndir: "Macarıstan Aİ-nin üzvüdür, amma Orbanın siyasəti bir qədər fərqlidir. İttifaq daxilində Macarıstan və Slovakiyanın siyasəti ümumi Aİ siyasətinə tam uyğun gəlmir. Bu fərqlər Ukrayna ilə münasibətlər və digər sahələrdə özünü göstərir. Hazırda belə çıxışlar mövcuddur, lakin Aİ hələ də cəlbedici bir strukturdur. Dövlətlər birliyidir, hələlik üzvlük istəyən ölkələr var və bu baxımdan Aİ-nin yaxın zamanda dağılacağını düşünmürəm. Digər birliklərlə müqayisədə Aİ-nin dağılma riski daha azdır".

Ə. Məmmədli qeyd edib ki, əgər Aİ-də qlobal siyasət ikinci plana keçsə, milliyyətçi siyasət ön plana çıxsa milliyyətçi və ultramilliyyətçi qüvvələr hər seçkidə daha çox səs toplaya, hakimiyyətə gələ və koalisiyalar qura bilər: "Bu isə Avropada etnik siyasətin yenidən canlanmasına və Aİ-dən qopmalara səbəb ola bilər. Bir neçə il əvvəl Böyük Britaniya artıq Aİ-dən çıxdı. Hazırda bu proses dayanıb, amma gələcəkdə etnik və ultraetnik qüvvələrin hakimiyyətə gəlməsi yeni münaqişələr yarada bilər".
Politoloq, həmçinin Avropadakı mövcud etnik gərginliklərə diqqət çəkib: "Hazırda bu gərginliklər sanki xalçanın altındadır, amma sabah yenidən alovlana bilər. Belçikanın Valoniya və Flandriya bölgələri arasında bölünmə təhlükəsi var, eyni prosesləri digər ölkələrdə, məsələn, İspaniyada Kataloniya, Avstriyada Tirol və İtaliyada Şimali və Cənubi bölgələrdə görmək mümkündür. Bu tip etnik qarşıdurmalar Aİ üçün risk yaradır. Macarıstanın Ukraynaya və Rumıniyanın Transilvaniya bölgəsinə dair iddiaları da Avropa daxilində mövcud etnik gərginlikləri göstərir. Macarlar Slovakiyada, Ukraynada, Serbiyada və Rumıniyada səpələnmiş vəziyyətdədir. Tarixə əsaslanan etnik münaqişələr istənilən an yenidən alovlana bilər. Sovet İttifaqının dağılması zamanı baş verən etnik münaqişələr bunun bariz nümunəsidir. Eyni cür qarşıdurmalar gələcəkdə Aİ-nin dağılmasına gətirib çıxara bilər. Hər birlik gec-tez dağılır. Aİ-nin dağılması mümkündür, amma yaxın gələcəkdə bunu gözləmirəm".
Mehriban Yariyeva
14:04 08.01.2026
Oxunuş sayı: 1486