Rusiya danışıqlara məcbur qalacaq- Ekspert
Rusiya–Ukrayna müharibəsinin davam etdiyi bir şəraitdə beynəlxalq ictimaiyyətin diplomatik təşəbbüslərinin real nəticə verib-verməməsi məsələsi yenidən ön plana çıxır. Ukrayna Prezidenti Volodimir Zelenski hesab edir ki, Moskva ilə münasibətlərdə formal dialoq və diplomatik bəyanatlar artıq yetərli deyil. Onun fikrincə, Rusiya yalnız güclü və ardıcıl təzyiq mexanizmləri ilə – sanksiyaların sərtləşdirilməsi, Ukraynaya hərbi və texniki dəstəyin artırılması, eləcə də ABŞ və Avropanın aktiv iştirakı ilə aparılan siyasi dialoq fonunda real kompromislərə məcbur edilə bilər.
Zelenski yanvarın 3-də Kiyevdə jurnalistlərə verdiyi açıqlamada vurğulayıb ki, “danışıqlar” anlayışı təkcə telefon zəngləri və diplomatik görüşlərlə məhdudlaşmamalıdır. Onun sözlərinə görə, əsl danışıq sanksiyalar, hərbi dəstək və təhlükəsizlik sahəsində konkret addımlarla aparılmalıdır. Ukrayna lideri xüsusilə hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi ilə bağlı proseslərdə müşahidə olunan ləngimələrin təhlükəli tendensiya yaratdığına diqqət çəkib və bu cür boşluqların Rusiya tərəfindən diqqətlə izlənildiyini bildirib.
Ukrayna Prezidenti qeyd edib ki, Moskva Qərbin Ukraynaya dəstəyində yaranan istənilən fasiləni zəiflik əlaməti kimi qəbul edir və bundan öz strateji maraqları naminə istifadə etməyə çalışır. Məhz bu səbəbdən Zelenski ABŞ-ın Rusiyaya qarşı daha sərt mövqe nümayiş etdirməsinin vacibliyini önə çəkib. Onun sözlərinə görə, Vaşinqtonun lider rolu təkcə Ukrayna üçün deyil, ümumilikdə Avropanın təhlükəsizliyi baxımından həlledici əhəmiyyət daşıyır.
Zelenski dekabr ayında ABŞ və Ukrayna nümayəndələri arasında aparılan intensiv əməkdaşlığı xatırladaraq, mövcud dialoq formatının alternativinin olmadığını bildirib. O, nəzəri olaraq ABŞ-ın fəal roldan geri çəkiləcəyi təqdirdə Avropanın liderliyi öz üzərinə götürə biləcəyini istisna etməsə də, bunun prosesləri sürətləndirməyəcəyini vurğulayıb. Ukrayna liderinin fikrincə, artıq formalaşmış mexanizmlər və uzun müddət ərzində görülmüş işlər nəzərə alınmalı, vaxt itkisinə yol verilməməlidir. Çünki hər bir gecikən dəqiqə Ukraynada yeni itkilər və insanların daha çox əzab çəkməsi deməkdir.
Bu barədə hərbi ekspert Azad İsazadə Crossmedia.az-la öz fikirlərini bölüşüb: "İlk növbədə onu anlamaq lazımdır ki, Zelenski mövcud şəraitdə daha yumşaq və ehtiyatlı danışmağa. Əslində onun açıqlamalarında kifayət qədər sərt mesajlar var, lakin ABŞ-la münasibətləri nəzərə alaraq bunu açıq formada ifadə etmir. Çünki hazırkı vəziyyət göstərir ki, ABŞ rəhbərliyi faktiki olaraq Ukraynaya yardımı müəyyən qədər dayandırıb və ya minimum səviyyəyə endirib. Hətta demək olar ki, bu mərhələdə Vaşinqton dolayı yolla Rusiyaya üstünlük verən mövqe nümayiş etdirir və Ukraynanı təzyiq altında saxlayaraq onu müəyyən ərazi güzəştlərinə məcbur etməyə çalışır. Zelenski isə məhz bu səbəbdən daha mülayim, diplomatik ifadələrdən istifadə edir. O, ABŞ-nin, xüsusilə də Donald Trampın sərt reaksiyasına səbəb olmamağa çalışır. Onun əsas məqsədi danışıqlar prosesindən ilk olaraq Ukraynanın deyil, Rusiyanın imtina edən tərəf kimi çıxmasıdır. Əgər sülh və ya atəşkəs təşəbbüslərini Rusiya rədd edərsə, bu halda Trampın Moskvanın üzərinə daha sərt getməsi ehtimalı arta bilər".

Ekspert söyləyib ki, bütün bu diplomatik ritorikanın arxasında duran əsas reallıq ondan ibarətdir ki, Ukraynaya göstərilən hərbi yardım kifayət qədər deyil: "Yardım var, lakin natamamdır. Bu dəstək Ukraynanın müdafiə olunmasına imkan verir, ancaq düşməni tam məğlub etmək üçün yetərli deyil. Eyni zamanda sanksiyalar məsələsində də ciddi boşluqlar mövcuddur. Yeni sanksiyaların sayı çox azdır. ABŞ tərəfindən faktiki olaraq yalnız “Lukoil” və qismən “Rosneft”lə bağlı təşəbbüslər irəli sürülüb. Halbuki Rusiyaya qarşı sanksiyalarla bağlı qanun layihəsi artıq uzun müddətdir hazırdır. Bu layihə senator Çak Qrassli tərəfindən hazırlanıb. Maraqlıdır ki, o da Trampın tərəfdarlarından biridir. Buna baxmayaraq, Trampın xahişi ilə respublikaçılar həmin qanun layihəsini hələlik müzakirəyə çıxarmırlar".
A.İsazadə, həmçinin sanksiyaların daha da sərtləşdiriləcəyi və Ukraynaya hərbi yardımın real şəkildə artırılacağı təqdirdə Rusiyanın gec-tez real danışıqlara məcbur qalacağını qeyd edib: "Çünki hazırda müşahidə etdiyimiz proses əsl danışıqlar deyil, sadəcə imitasiyadır. Real, məzmunlu danışıqlar yalnız ciddi təzyiq mexanizmləri işə salındıqdan sonra mümkün ola bilər".
Elmir Heydərli
11:13 05.01.2026
Oxunuş sayı: 2989